AMİP daha 6 və ya 7 namizəd irəli sürəcək

24 Sentyabr 2010 00:57 (UTC+04:00)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Mərkəzi Şurasının birinci mərhələdə irəli sürdüyü namizədlərin hamısı dairə seçki komissiyalarında qeydə alınıb. SİA-ya açıqlamasında bu haqda məlumat verən partiyanın seçki qərargahının rəhbəri Rəşad Bayramov bir neçə dairə istisna olmaqla imza vərəqələrinin götürüldüyünü bildirib. O, həmin namizədlərin sənədlərini seçki dairələrinə bir qədər gec təqdim etdiyini deyib.

R.Bayramov əksər dairələr üzrə də imzatoplama kampaniyasının yekunlaşmaq üzrə olduğunu söyləyib. AMİP-in seçki qərargahının rəhbəri imzaları toplayaraq müvafiq sənədlərlə birlikdə seçki dairələrinə təqdim edən namizədlərin də olduğunu bildirib.

Bir sıra partiyaların namizədlərin seçki dairələrində qeydə alınması və imza vərəqələrin verilməsi zamanı süni maneələrin yaradılması ilə bağlı açıqlamalarına toxunan AMİP funksioneri bildirib ki, başqa partiyalardan təlimatda nəzərdə tutulan sənədlərdən əlavə hansı sənədlərin tələb edilməsi ilə bağlı məlumatlı deyil.

O, AMİP-in namizədlərindən əlavə olaraq yalnız ali təhsil haqqında diplomun surətinin tələb olunduğu deyib: "Biz sənədləri o şəkildə təqdim etmişik ki, əlavə hansısa sənədə ehtiyac qalmasın. Bizim namizədlərdən əlavə tələb olunan yeganə sənəd ali təhsil haqqında diplomun surəti olub. Düşünürəm ki, bu elə də çətin bir proses deyil. Elə dairələrə də rast gəlmişik ki, bütün bu sənədlərin təqdim olunmasına baxmayaraq, orada əlavə olaraq maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin şəhadətnaməsi istənilir. Hansı ki, bu sənəd dairələrə təqdim olunmamalıdır. Vahid seçki hesabı açdığımıza görə, o ancaq Mərkəzi Seçki Komissiyasına təqdim olunmalıdır. Bütün bunlar sadəcə olaraq dairə seçki komissiya rəhbərlərinin, katiblərinin öz vəzifələrini və qanunvericiliyin tələblərini yaxşı bilməmələri ilə izah oluna bilər. Yaranan problemlər dərhal aradan qaldırılıb. Ya seçki dairəsinin özü ilə məsələni yoluna qoymuşuq, ya da bizi dinləmək istəməyəndə MSK-nın müvafiq şöbələri ilə əlaqə saxlayaraq problemi aradan qaldırmışıq. Yəni problemlərin olması fakt olsa da, çox cüzidir".

Qeyd edək ki, AMİP birinci mərhələdə 70 nəfərin namizədliyini irəli sürüb. R.Bayramov sabah partiyanın Mərkəzi Şurası tərəfindən daha 6 və ya 7 nəfərin namizədliyinin təsdiq ediləcəyini və onların sənədlərinin də tez bir zamanda seçi dairələrinə təqdim olunacağını qeyd edib.