Ermənistandan kütləvi köç başlayıb, vizanın qiyməti 10 min dolları ötüb - TƏHLİL

23 Sentyabr 2010 22:21 (UTC+04:00)

Ermənistan yenidən beynəlxalq təşkilatların tənqid hədəfindədir. Bu ölkəyə dair bütün beynəlxalq qətnamə və hesabatlarda mənfi dinamika qeydə alınır. Bu isə dövlətin müstəqilliyini itirməsinə səbəb olur. Belə bəyanatla Erməni Ümumxalq Hərəkatı Partiyası (EÜHP) çıxış edib.

Hazırda Ermənistanın mövqelərinin zəiflədiyini bildirən Erməni Ümumxalq Hərəkatı Partiyasının idarə heyətinin sədri Aram Manukyan bildirib ki, vətəndaşlarımızın çoxu hər an ölkəni tərk etməyə hazırdır. Bunun əsas səbəbi insanlarda sabaha inamın olmamasındadır. EÜHP ölkə rəhbərliyinin savadsız və təcrübəsiz olduğunu vurğulayaraq, hökumətdən siyasi məhbusları azad etməyi, 2008-ci il martın 1-də baş vermiş hadisələri araşdırmağı tələb edib. Əks halda, bu tələblərin yerinə yetirilməsi üçün bütün vasitələrdən, o cümlədən, beynəlxalq qurumların təzyiqlərindən istifadə olunacağı da nəzərə çatdırılıb.

Artıq Avropa Parlamentindəki fraksiyalara ünvanlanan məktubda Ermənistanın Avropa Şurası Parlament Assambleyasının qətnamələrinə əməl etmədiyi və əksər öhdəlikləri yerinə yetirmədiyi bildirilir. Alınan cavabda isə məktubun növbəti iclasın müzakirəsinə çıxarılacağı qeyd edilir.

Ermənistanda iqtisadi vəziyyət daha da pisləşmişdir. Qiymətlər artır, ölkənin valyuta ehtiyatları isə kəskin surətdə azalır. Rəsmi məlumatlara görə, bu ilin səkkiz ayı ərzində qiymətlərin artımı 9,6 faiz təşkil edib.

Bu arada qeyd edək ki, Ermənistana idxal olunan şəkər tozunun qiyməti ölkədə istehsal olunandan daha ucuzdur. Məlumata görə, "Aykakan jamanak" qəzeti belə yazıb. Yazıda bildirilir ki, son 2 həftə ərzində şəkər tozunun 1 kiloqramının qiyməti 14 dram artaraq 306 drama çatıb. Ölkədə son həftələr ərzində müşahidə olunan qiymət artımı ictimaiyyətin ciddi narazılığına səbəb olub.

Artıq ictimaiyyət nümayəndələri öz fikirlərini açıq şəkildə söyləməkdən çəkinmirlər. Sabiq prezident Levon Ter-Petrosyanın liderlik etdiyi Erməni Milli Konqresinin üzvü Qarnik Marqaryan bəyan edib ki, Ermənistanın 19 illik müstəqillik dövründə itkiləri qazanclarından çox olub. Ermənistan mətbuatına istinadən verilən məlumata görə, bu gün ermənilərin dünyanın hər tərəfinə səpələndiyini deyən müxalifət yetkilisinin fikrincə, hazırda Ermənistan əhalisinin sayı heç 1,5 milyon nəfərə də çatmır.

Marqaryan müstəqillik dövründə ölkəsinin iqtisadi, elm, təhsil, demoqrafiya sahələrində ciddi itkilərlə üzləşdiyini bildirib. "Xüsusilə sosial-iqtisadi sahədə problemlər var. Müstəqil ölkənin ailə başçısı çörək dalınca başqa ölkələrə üz tutmalı olur. Məhz bu üzdən əhali Ermənistanı kütləvi şəkildə tərk edir", - deyə o, bildirib.

Vəziyyətin getdikcə ağırlaşdığını görən sadə ermənilər artıq hökumətin hər hansı tədbir görə biləcəyinə qətiyyən inanmır. Məhz buna görə də, əhali vəziyyətdən çıxış yolunu, sadəcə olaraq, baş götürüb Ermənistandan getməkdə görür. İşğalçı ölkədə demoqrafik vəziyyət ildən-ilə pisləşir. Həm təbii azalma müşahidə olunur, eyni zamanda, Ermənistandan köçüb gedənlərin sayı artır. Çünki iqtisadi böhran məngənəsində getdikcə daha çox sıxılan Ermənistan əhalisinin böyük əksəriyyəti öz ölkəsində normal yaşamağın mümkünlüyünə inamını tam itirib. Bu səbəbdən də, ermənilər imkan düşdüyü anda xarici ölkələrə üz tuturlar.

Çıxış yolunu mühacirətdə görən ermənilərin açıqlanan statistikası isə, düşmən ölkənin necə ağır vəziyyətə düşdüyünü əyani olaraq bir daha təsdiqləyir. Ermənistan Milli Statistika İdarəsinin məlumatına görə ermənilər Rusiya, Türkiyə, İran, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Misirə daha çox köç edirlər. Məsələ ondadır ki, onların hamısı bu ölkələrdə qanunsuz miqrant kimi yaşayırlar.

Hökumət isə əhalinin xaricə axınının qarşısını almaq üçün müxtəlif üsullara əl atır. Yayılan məlumatlara görə, hazırda Ermənistandan xaricə getmək istəyən ermənilər vizanın alınması üçün 10 min ABŞ dolları məbləğində rüşvət verməli olurlar. Lakin məbləğin bu qədər böyük olması və yaradılan süni əngəllərə baxmayaraq, ermənilər öz ölkələrində qalmaq istəmir. Yəni, ermənilər öz ölkələrindən qaçmaq üçün 10 min dollar rüşvət verməyə belə hazırdırlar. Bu isə, hazırda Ermənistanın ermənilər üçün sadəcə, açıq bir həbsxana rolunu oynadığından xəbər verir.

Ermənilər döyüşməmək üçün ölkədən gedirlər Ekspertlərin qənaətinə görə, ermənilərin öz dövlətlərini tərk etmələrinin bir səbəbi iqtisadi böhranla, digər səbəbi isə, müharibənin yenidən başlaması ehtimalı ilə bağlıdır.

Ermənilər Azərbaycan rəhbərliyinin müharibənin başlamasının mümkünlüyü haqda bəyanatlarını çox ciddi qarşılayır və ölkədən getmək niyyətlərini daha da qətiləşdirirlər. Onlar açıq-aşkar görürlər ki, iqtisadi imkanları müqayisə belə olunmayacaq Azərbaycanla Ermənistanın savaşında erməni tərəfinin qələbə şansları yoxdur. Məhz buna görə də, artıq Ermənistan ordusunda hətta təmas xəttini qorumaq üçün belə canlı qüvvə çatışmır. Bu yaxınlarda bu ölkədə elan edilmiş bəzi tədbirlər onu göstərir ki, onlar hansı çətin vəziyyətdədirlər.

Ermənistanın çətin durumda olmasını işğalçı ölkənin Müdafiə Nazirliyinin bəzi tədbirlərə əl atmaq məcburiyyətində qalması da təsdiqləyir. Belə ki, Ermənistanın Müdafiə Nazirliyi təhsil alması səbəbilə hərbi xidmətdən möhlət hüququna malik çağırışçıların sayını azaltmaq təklifi ilə hökumətə müraciət etməyə hazırlaşır. Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-polkovnik Yuri Xaçaturov bu addımı orduya komplektləşdirilməsində problemlər yaranması ilə əlaqələndirib: "Əgər 2004-2009-cu illərdə orduda xidmət keçmək üçün eyni sayda çağırışçı çağırılırdısa, 2010-2016-cı illərdə problemlərlə üzləşəcəyik. Bu müddətdə orduya çağırılan şəxslərin sayı azalacaq".

Bir sözlə,bu gün Ermənstanda baş adıb gedən korrupsiya halları, məmur özbaşınalıqları, monopoliya və əlbəttə ki, bahalaşma bu ölkənin sonun gətirib çıxarır.