Şəmkirdə ağır yol qəzası baş verib

9 Avqust 2017 05:15 (UTC+04:00)

Şəmkir-Gədəbəy avtomobil yolunda ağır yol qəzası baş verib, ölən və yaralananlar var. APA-nın qərb bürosunun xəbərinə görə, hadisə Şəmkir rayonunun Qasımalılar kəndi ərazisində qeydə alınıb. “Niva” və “Mercedes” markalı avtomobillərinin toqquşması nəticəsində “Niva”nın sərnişini Gədəbəy rayon sakini 1955-ci il təvəllüdlü Zahid Şirinov ağır vəziyyətdə xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Bundan başqa “Niva”nın sürücüsü, həmçinin “Mercedes”də olan 3 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlardan bir nəfərin vəziyyəti ağır, 2 nəfərin – orta ağır, bir nəfərin isə normal qiymətləndirilir. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişən şəxs Gədəbəy rayon poliklinikasının keçmiş baş həkimi olub.