Bəkir Nəbiyevin 80 illik yubileyi qeyd edilib

22 Sentyabr 2010 21:57 (UTC+04:00)
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət heyətində tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, AMEA-nın həqiqi üzvü Bəkir Nəbiyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş mərasim keçirilib. SİA-nın məlumatına görə, tədbirdə AMEA-nın vitse-prezdenti Arif Həşimov, Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, millət vəkilləri, AMEA-nın üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezdenti Arif Həşimov səbəbkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verib. O bildirib ki, B.Nəbiyev həm ədəbiyyatşünas, həm də filologiya elmləri doktoru kimi ölkə ədəbiyyatında mühüm izlər salıb. Onun sözlərinə görə, uzun illər M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kafedra müdiri olan Əziz Şərifin təbirincə desək, Bəkir Nəbiyev fitri tədqiqatçı istedadına malikdir. "Alimin yaradıcılığı ilə maraqlananlar, müxtəlif elmi forumlarda onun çıxışlarını dinləmiş, məqalələrini oxumuş insanlar bunu yaxşı bilirlər. Belələri az deyil, amma hər halda, onun çoxcəhətli fəaliyyəti ilə, xüsusən çox mürəkkəb, ədəbiyyatın həmişə birinci dərəcəli rol oynadığı həyat yolu ilə tanış olmayanlar və ya az tanış olanlar daha çoxdur",- deyə o qeyd edib.

Tədbirin davamında çıxış edən akademik İsa Həbibbəyli səbəbkarın yaradıcılığı onun ölkə ədəbiyyatında yaratdığı əsərlərini əks etdirən məruzə ilə çıxış edib.

Tədbirin davamında söz alan Qafqaz Müsəlmanlar İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə səbəbkarla bağlı öz müsbət fikir və arzularını söyləyib.

Tədbir B. Nəbiyevin fəaliyyətini əks etdirən məruzələrlə davam edib.

Qeyd edək ki, Bəkir Nəbiyev 1930-cu il avqustun 21-də Ağdaş rayonu Üçqovaq kəndində ziyalı ailəsində doğulub. Ağdaşda 1 saylı orta məktəbi bitirib (1947). ADU-nun filologiya fakültəsində təhsil alıb (1949-1954). Hazırda AMEA Rəyasət Heyətinin üzvü və Nizami adına Ədəbiyyat İnstitutunun direktorudur (2003-cü ildən). "Çoxmillətli sovet ədəbiyyatı tarixi"nin, ikicildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi"nin müəlliflərindən və redaktorlarından biri, çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin baş redaktorudur. 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1960-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Ədəbiyyatşünaslıq elminin və ədəbi fikrin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu (2010), SSRi-nin "Xalqlar dostluğu" (1986) və Azərbaycanın "Şöhrət" (2000) ordenləri ilə də təltif edilib. Müxtəlif illərdə "Hacı Zeynalabdin Tağıyev", "Məmməd Araz" mükafatlarına (1993-1994), "Ustad" Ali mükafatına (1997), Beynəlxalq TİKA mükafatına (2000) " layiq görülüb. Azərbaycan Dövlət Mükafatı laureatı (1978), "Qızıl qələm" mükafatı laureatıdır (1972).