Gəncədə mənzillərə smart kart tipli sayğacların quraşdırılması müvəqqəti dayandırılıb

22 Sentyabr 2010 19:53 (UTC+04:00)

Gəncə şəhərində mənzillərə smart kart tipli sayğacların quraşdırılması işnin dayandırılması müvəqqəti xarakter daşıyır. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə Qaz İstismarı İdarəsinin rəisi Rauf Qasımov məlumat verib. Onun sözlərinə əsasən sözügedən qaz sayğaclarının quraşdırılması davam etdiriləcək. İşlərin indiki halda dayandırılmasının səbəbi isə hələlik smart kart tipli sayğacların istehsal olunmamasıdır.

"Hələlik bu sayğaclar olmadığından işlər dayanıb. Yəni yaranan vəziyyət müvəqqəti xarakter daşıyır. Sayğacların istehsalına başlanıldıqdan sonra proses davam etdiriləcək. İndi yararsız halda olan smart kart tipli sayğaclar köhnə sistemdə istifadə olunan elektron sayğaclarla əvəzlənir", - deyə R.Qasımov bildirib.

O, həmçinin əlavə edib ki, ilin sonuna kimi 30 min mənzil smart kart tipli sayğaclarla təmin olunacaq. Ümumilikdə isə Gəncə şəhəri üzrə 42 min abonentin mənzilinə smart kart tipli qaz sayğacları quraşdırılıb.