Müğənni Amil Həsənoğlu peşəkar sənətkarları gənclərə dəstək olmamaqda qınadı

22 Sentyabr 2010 17:35 (UTC+04:00)
Vokal imkanları ilə bütün həmkarlarından seçilən gənc müğənni Amil Həsənoğlu yaş və staj etibarı ilə özündən böyük olan sənətkarları hədəfə aldı. SİA-ya açıqlamasında müğənni ad çəkməsə də ürəyindən keçən şikayətləri lazımı şəxslərə ünvanladı: "Çox vaxt indiki nəslin sənətçiləri barədə danışanda pessimist ruhda çıxışlar üstünlük təşkil edir. Deyirlər ki, Rəşid Behbudov, Şövkət xanım Ələkbərova kimi səslər yoxdur. Mən bu fikirlə qətiyyən razılaşmıram. Bu gün çox güclü səsi, istedadı olan gənclərimiz var ki, onların tanınması üçün şərait yaradılmalıdır. Mən həm Bülbül adına musiqi məktəbində, həm də Milli Konservatoriya təhsil almışam. Təhsil aldığım müddətdə elə güclü səsi olan gənclərlə tanış olmuşam ki, onları heç kim tanımır, dəstək olmur. Rəşid Behbudovun dövründə istedadı olanlara böyük sənətkarlar dəstək olurdu. Çox təəssüf ki, bu gün belə deyil. Hətta yaşlı nəslin sənətkarları arasında elələri var ki, bildiklərinin hamısını tələbələrinə öyrətmirlər. Sanki xəsislik edirlər, qorxurlar. Nədən qorxursunuz? Siz artıq sənətdə möhürünüzü vurmusunuz, indi gənclərə şərait yaratmalısınız. Mən özüm Prezident təqaüdçüsüyəm. Amma başqa gənclər üçün özlərini tanıtmaq, səhnədə olmaq həddindən artıq çətindir".

Müğənni, solo-konsert vermək arzusunda olsa da, hələ ki, bu ildə bunu reallaşdırmağı nəzərdə tutmayıb. Onun sözlərinə görə, 2011-ci ildə solo konsert proqrammı ilə çıxış edəcək. Bunun üçün Amil ciddi hazırlığa ehtiyac olduğunu da vurğuladı.