“Azərbaycan rəssamlarının avtoportretləri ” sərgisinin açılışı olub - FOTOSLAYD

22 Sentyabr 2010 04:31 (UTC+04:00)
Bu gün Muzey Mərkəzinin sərgi qalereyasında "Azərbaycan rəssamlarının avtoportretləri " adlı sərginin açılışı keçirilib. SİA-nın məlumatına görə, sərginin açılışında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev zaman-zaman Azərbaycan rəssamları bir-birindən maraqlı avtoportret əsərləri yaratdıqlarını dilə gətirib: "Vaxtaşırı keçirilən sərgilərdə bu əsərlər qismən nümayiş etdirilsə də, onların böyük bir hissəsi uzun illər rəssamların emalatxanalarında saxlanıb, sərgilərə çıxarılmayıb. Portret, mənzərə, tarixi, batal, natürmort və məişət janrlarında yaradılmış əsərlər sənətsevərlərə daha tez-tez təqdim edilib. Respublikada tematik avtoportret sərgisi də keçirilməyib. Bu sərginin təşkili məhz Azərbaycan rəssamlarının yaradıcılığının təbliği və avtoportret əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim edilməsi məqsədi daşıyır".

Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov isə qeyd edib ki, belə bir sərgi Azərbaycanda ilk dəfə olaraq təşkil olunur. Sərgidə Azərbaycan rəssamlarının Dövlət Rəsm Qalereyası və Dövlət İncəsənət Muzeyində saxlanılan avtoportret əsərləri ilə yanaşı Altay Hacıyev, Arif Hüseynov, Çingiz Fərzəlibəyov, Bəyim Hacızadə, Əskər Əskərov, Fərhad Yalquzaq, Məmməd Rəşidov, Elay Məmmədovun avtoportretləri nümayiş etdirilib.

Məlumat üçün bildirək ki, sərgi Azərbaycan rəssamlarının yaradıcılığının təbliği və avtoportret əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim edilməsi məqsədi ilə təşkil edilib.