Fars körfəzindəki ərəb ölkələrindən rekord silah tədarükü

22 Sentyabr 2010 01:57 (UTC+04:00)

İngiltərənin "Financial Times" qəzeti Fars körfəzindəki ərəb ölkələrinin 123 milyard dollarlıq silah alışı ilə tarixindəki ən böyük silah tədarükü etdiyini yazıb. SİA-nın məlumatına görə, bugünkü sayında ərəb ölkələrinin İranın nüvə silahı əldə etmək siyasətinə qarşı mövqelərini gücləndirmək üçün diqqətini silah alışına yönəltdiyini qeyd edib.

ABŞ-dan alınacaq bu silahların həcminə və qiymətinə görə, Səudiyyə Ərəbistanı ərəb ölkələri arasında 67,78 milyard dollarla ilk sıradadır. Bu silah alqı-satqısı eyni zamanda ABŞ-ın imzaladığı da ən mühüm razılaşmadır. Orta Şərq ölkələrinin İranın nüvə proqramına görə, İsrailin İrana edə biləcək hücumdan sonra Tehranın onlara hücumundan narahat olduğunu yazan "Financial Times" Omanın 12,34 milyard, Küveytin 7,11 milyard, Birləşmiş Ərəb Əmirliklərinin 35,64 milyard dollarlıq silah razılaşmaları imzaladıqlarını ya da imzalamaq üzrə olduqlarını qeyd edib.

Qəzet silah razılaşmalarının reaktiv, raket, radar kimi silahları özündə əks etdirdiyini və çatdırılması dörd ili əhatə edəcək bu sifarişlərin ABŞ silah sektoruna böyük qazanc gətirəcəyini bildirib. Silah satışında ən böyük pay isə "Boeing"ə məxsusdur. Xəbərə görə, Səudiyyə Ərəbistanı 85 "F-15", Oman 18 "F-16", Küveyt isə 39 "F-18" reaktivi alacaq.

Dörd ildə Səudiyyə Ərəbistanı, Oman, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin ABŞ-dan silah alışının təxminən 122,88 milyard dollara çatacağını yazan qəzet silahlanma yarışının xaricində olan yeganə ölkənin isə Qətər olduğunu yazıb. Qəzetə görə, Qətər ölkəsində olan ABŞ-ın hərbi varlığına güvənir.