“Xəncər itən Qobu”da eramızdan əvvəl VII-IV yüzilliklərə aid bir neçə nekropol üzə çıxarılıb

22 Sentyabr 2010 00:40 (UTC+04:00)

Balakən rayonunun Qazma kəndi ərazisində kurqan ehtimalı olunan təpədə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən materiallar islamaqədərki dövrü əhatə edir. SİA-nın məlumatına görə, belə ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan qazıntılar nəticəsində 30-dan çox islamaqədərki insan məzarları, bundan başqa çox qədim yaşayış yerinin divar qalıqları aşkar edilib.

Ekspedisiya qrupu həmçinin rayonun Kortala kəndində "Xəncər itən Qobu" adlanan ərazidə arxeoloji kəşfiyyat işləri aparıb. Aparılmış qazıntılar nəticəsində Kortala kəndinin "Xəncər itən Qobu" adlanan hissəsində eramızdan əvvəl VII-IV yüzilliklərə aid bir neçə nekropol üzə çıxarılıb. Arxeoloji qazıntı aparılan 2 nekropoldan hər birində Qafqaz Albaniyasının antik dövr mədəniyyətini, sənətkarlığını əks etdirən onlarla saxsı qablar aşkar edilib. Burada dəfn kremasiya üsulu ilə həyata keçirilib. Dəfn edilənlər bükülmüş vəziyyətdədir, nekropolda aşkarlanan qablar isə buta və ay şəklində düzülüb. Dəfn edilənlərin üzərində çoxlu sayda misdən və müxtəlif daşlardan hazırlanmış zinət əşyaları aşkar edilib.