Skripkaçı Nana Babayevanın konserti keçiriləcək

21 Sentyabr 2010 18:50 (UTC+04:00)
Sentyabrın 21-də, saat 18.00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunan Beynəlxalq Musiqi Festivalı çərçivəsində skripkaçı Nana Babayevanın (Azərbaycan – Meksika) pianoçu Nərminə Əfəndiyevanın müşayiəti ilə konserti keçiriləcək. Bu barədfə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin katibi Zöhrə Əliyeva məlumat verib. Konsertdə Azərbaycan bəstəkarları ilə yanaşı xarici bəstəkarların da əsərləri səsləndiriləcək.

Konsertin proqramı: İ.S.Bax - Çakona, E.İzai - Skripka üçün Sonata №2 (obsession, malinconia, danse desombres, les suries), F.Əmirov - Skripka və fortepiano üçün "Muğam - Poema", A.Rzayev - Skripka və fortepiano üçün Sonatina.

Final- M.Mirzəyev - Skertso

Qeyd edək ki, Nana Spartak qızı Babayeva – 1980-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Milli Müsabiqəsində Qran-Pri, Qenrix Şerinq adına Beynəlxalq Müsabiqədə IV yeri, Urgenc şəhərində (Özbəkistan) keçirilən Beynəlxalq Müsabiqədə I yeri qazanıb. Rusiya və Almaniyada qastrollarda çıxış edib.

1993-cü ildən Meksikada yaşayır. Hal-hazırda Mexiko ştatının Enrike Batisin rəhbərliyi altında Simfonik orkestrdə konsertmeyster köməkçisi vəzifəsində çalışır.