“Sahə” filmi “Azərbaycan” kinoteatrında nümayiş olunacaq

21 Sentyabr 2010 18:33 (UTC+04:00)
Sentyabrın 23-dən 29-na kimi "Azərbaycan" kinoteatrında "Sahə" filminin nümayişi olacaq. SİA-nın məlumatına görə, ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safat olan "Sahə" filminin adı müstəqim və məcazi məna daşıyır. Filmin müəllifi əsas obrazlar olan Qərib (Zaza Bejaşvili, Gürcüstan), Səbinə (Melissa Papel, Fransa) və Rəisin (Vaqif İbrahimoğlu, Azərbaycan) timsalında yaradıcı insanın zamanın və məkanın akustikasına varmaq yolunda keçirdiyi sarsıntıların ekran həllini tapmağa cəhd edib.

Qəribə fotoqrafiyanın sirlərini öyrədən İosif Davıdoviçin Qobustan qayalıqlarındakı rəsmləri seyr edərkən söylədiyi "təsvir ölümə qalib gəlir" fikrini "Sahə" filminin leytmotivi hesab etmək olar. Psixoloji və mənəvi zorakılıq məqamları az olmayan "Sahə" filmində iki və hətta üç zaman ölçüsündə eyni obrazlaın davranışnı, ətraf aləmlə münasibətlərinin xassəsini izləmək mümkündür.

Mənəvi zorakılıq epizodlarını Qəribin yeniyetməlik dövrünün "sahə"sində - məhəllənin qoluzorlusunun əmrinə tabe olub fotoqrafiya sənətindəki bacarığını pornoqrafiyanın yayılmasına sərf edəndə, mistik polis sahəsində Rəisin qəlyan çəkmək təklifini qəbul edib, beləliklə də Rəisin "hüquq-mühafizə orqanının idarəsində narkotik maddədən istifadə etmək maddəsi" toruna düşəndə görmək olar.