Səbuhi İsayev: “Araşdırmalar aparılır”
"Kontakt Home"-nın əməkdaşı: “Bizə rəsmi müraciət olunmasa, cavab verməyəcəyik”
Bu gün birmənalı fakt ondan ibarətdir ki, Azərbaycan öz iqtisadi inkişafına, əhalinin sosial vəziyyətinin yüksək olmasına görə dünyada nümunə sayılan dövlətlərdəndir. Söz yox ki, sosial-iqtisadi siyasətin müsbət nəticələr verməsinin başlıca səbəbi Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Prezident İlham Əliyev iqtisadiyyatın çoxşaxəli istiqamət üzrə inkişafının təmin edilməsi və sahibkarlığın yüksək nəticələr verməsi üçün siyasi iradə ortaya qoyub.
Özəl sektor dövlətin yaratdığı bu yüksək imkan və şəraitdən geniş şəkildə bəhrələnir. Məhz bunun nəticəsidir ki, bu gün iqtisadiyyatda özəl sektorun payı 55-60 faiz təşkil edir. Amma təəssüflər olsun ki, bəzən özəl sektorun sahibləri yaradılan bu şəraiti lazımınca dəyərləndirə bilmirlər. Yəni yalnız şəxsi mənafelərini düşünürlər. Bu yolda vergidən yayınma hallarına yol verilir, insanlar aldadılır, bəzən isə, ölkəyə saxta məhsullar ixrac etməklə qanunvericiliyin tələblərini pozurlar.
"Kontakt Home" - nin saxta reklam fırıldağı ifşa olunur
"Kontakt Home" şirkətinin bəzi məqamlarda nümayiş etdirdiyi qeyri-qanuni əməllər qeyd olunanlara misal ola bilər. Redaksiyamıza "Kontakt Home" şirkətinin reklam fırıldağı ilə insanları aldatması, alqı-satqı müqaviləsi zamanı qiymətlərin şişirdilməsi, faizlərin yüksək olması, köhnə texniki avadanlıqları, o cümlədən, televizor, mobil telefonlar, ütü, tozsoran, soyuducu və digər məhsulları təmir edib təzə adı ilə istehlakçılara satması barədə çoxsaylı şikayət məktublar və telefon zəngləri daxil olub
Əhmədov Hüseyn Rüfət oğlunun redaksiyamıza ünvanladığı şikayət məktubunda qeyd olunur ki, 2017-ci ilin may ayında "Ayfon-7" mobil telefonunu "Kontakt Home" şirkətinin Ayna Sultanovada yerləşən mağazasından kredit yolu ilə alıb: "Telefonu kredit müddəti 6 ay olmaqla Əliyev Ayaz Rasim oğlunun adına sənədləşdirdik. Ümumilikdə 1400 manat ödəniş nəzərdə tutulan telefona görə, 200 manat da qızıl zəmanət kartına görə, ödədik”.
Şikayətçi iddia edir ki, 2017-ci ilin iyun ayında telefon suya düşüb: "Dərhal bu barədə şirkətin instaqram səhifəsinə məlumat verdim. Mənə yazdılar ki, gətir təmin edərik. Elə də etdim, ancaq 25 gündən sonra şirkətin mühəndisləri rəy verdilər ki, guya telefonun arxası açılıb. Bütün risklərdən qorunması üçün 200 manatlıq qızıl zəmanət kartım olduğu halda, niyə başqa telefon təmiri mağazalarına müraciət etməliyəm ki? Absurd və əsassız rəydir".
H.Əhmədov "Kontakt Home" şirkətinin onu aldatmasından əsəb gərginliyi keçirdiyini və məsələnin ictimailəşdirməsi üçün mətbuatdan kömək istədiyini yazır. Şikayətçi, həm də şirkətin əməkdaşlarının onunla kobud rəftarından da narazı qaldığını qeyd edir.
Şərtlər şirnikləndiricidir, amma...
Mövzuyla bağlı apardığımız araşdırmalar zamanı maraq doğuran məqamlar üzə çıxdı. Məlum oldu ki, şirkətin kredit şərtləri fırıldaq və dələduzluq üzərində qurulub. Faizsiz kreditlər, ilkin ödənişsiz, onlayn satış, arayışsız və zaminsiz reklam çağırışları yalnız istehlakçıları aldatmağa hesablanır. Əslində isə, telefon alan zaman ilkin ödəniş tələb olunur. Məsələn, A.Əliyev bildirir ki, "Kontakt Home" şirkətindən kredit yolu ilə telefon alan zaman 500 manat ilkin ödəniş edib. Digər şikayətçilər Faiq Qurbanov 49 manat, Xaliq Əlizadə isə 120 manat ilkin ödəniş etdiklərini yazırlar. Bəzi şikayətcilər şirkətin "outlet" reklam məhsullarına aldadıldıqlarını və bununla da dələduzluqla üzləşdiklərini yazırlar: “Guya bu məhsullar 70-80 faiz endirimə düşüb. Ancaq sənədləşdirmə zamanı bütün bu reklam çağırışlarının yalan üzərində qurulduğu məlum olur. Həm də, bu məhsullar köhnə, yararsız məhsullar olur ki, onları təmir edib, yararlı, hətta bəzən təzə adı ilə istehlakcılara sırıyırlar”.
Bir sözlə, "Kontakt Home" şirkətinin qiymətlərlə bağlı reklamları reallıqdan çox-çox uzaqdır. Yəni təqdim olunan məhsullar yetərincə baha, şərtlər isə xeyli bahadır. Bu cür özbaşınalığa qarşı İqtisadiyyat Nazirliyinin tədbir görməməsi isə müəyyən dərəcədə təəccüb doğurur. Həm də şübhəli məqamlar yaradır. Ehtimal olunur ki, şirkətin istehlakçıları aldatmasının arxasında elə nazirliyin hansısa şəxsləri dayanır. Əks təqdirdə, "Kontakt Home"nin istehlakçıları kütləvi şəkildə aldatmasına nazirlik ən azı münasibət bildirər. Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə əlaqə saxladıqda, xidmətin baş məsləhətcisi Səbuhi İsayev bizimlə söhbətində şirkətə daxil olan bütün şikayətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırıldığını və nəticəyə uyğun olaraq da münasibət bildirildiyini qeyd etdi.
A.Rüstəmovun İqtisadiyyat Nazirliyinə daxil olan şikayəti ilə bağlı S.İsayev qeyd etdi ki, artıq bu barədə şikayətçiyə bildiriş göndərilib: "Yekun nəticələr barədə isə şikayətçi tam şəkildə məlumatlandırılacaq".
Daxil olan şikayətə "Kontakt Home" şirkətinin də münasibətini öyrənməyə cəhd etdik. Ancaq üç gün ərzində şirkətin 533-01-01, 565-60-33, 567-54-56 nömrəli telefonlarına etdiyimiz zənglər ötür-ötür oyunundan başqa bir şey olmadı. Nəhayət, özünü "Barak Obamanın (yəqin ABŞ-ın keçmiş prezidenti nəzərdə tutulur - İ.Ə.) qohumu" kimi təqdim etməyə çalışan və adını söyləməkdən imtina edən şirkət əməkdaşı müraciətlərə baxılması qaydalarından, şikayətlərin araşdırılmasından uzun-uzadı danışsa da, A.Əliyevin şikayətinə münasibət bildirmək istəmədi. Yalnız onu qeyd etdi ki, bizə rəsmi müraciət olunmasa, cavab verməyəcəyik.
İ.ƏLİYEV
P.S. Mövzu ilə bağlı araşdırmalarımız davam edir.