Aviqdor Liberman sərhədlərin yenidən çəkilməsini təklif etdi

21 Sentyabr 2010 01:43 (UTC+04:00)

İsrail xarici işlər naziri Aviqdor Liberman Fələstinlə əldə olunacaq bir sülhün İsrailin sərhədlərinin yenidən çəkiləcəyi bir razılaşmanın üzərində qurulmasının lazım olduğunu bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Liberman bu təklif çərçivəsində İsraildə yaşayan 1,3 milyon ərəb mənşəli əhalinin bir qisminin ölkədən çıxarılmasını da təklif edib.

 

A.Liberman təyin olunacaq sərhədlər daxilində yəhudi yaşayış məskənlərinin birləşdirilməsini nəzərdə tutarkən, ərəb kəndlərinin Fələstin tərəfində qalmasının lazım olduğunu ifadə edib. İsrailin xarici işlər naziri fələstinlilərlə əldə olunacaq sülhün "sülh üçün torpaq" şüarı deyil, "torpaq və əhali mübadiləsi" üzərində qurulmalı olduğunu deyib.

 

Fələstinlilərlə illərdən bəri davam edən sülh danışıqlarının əsası olan "sülh üçün torpaq" təklifi İsrailin 1967-ci ildə işğal etdiyi torpaqlardan geri çəkilməsini nəzərdə tutur. A.Liberman isə torpaq üçüm sülh müqaviləsi bağlamağı "birinin sizə bir bina satması ancaq o binada bir başqasının yaşayacağını söyləməsi kimi bir şey" olaraq şərh edib. İsrail xarici işlər naziri söyləyib ki, Ərəb Birliyi və Fələstin Muxtariyyətinin İsrail dövlətini tanımaması İsraildə yaşayan ərəb mənşəli əhalinin taleyinin müzakirələr mövzusu olmasına gətirib çıxarır.