Təhsil naziri Mikayıl Cabbarov 1 avqust 2017-ci il tarixində saat 11:00-da Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayon sakinlərini qəbul edəcək. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, qəbulda Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar 24-27 iyul 2017-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.