Gənclər üçün “Facebook” sosial şəbəkəsində müsabiqə elan edilib

21 Sentyabr 2010 00:33 (UTC+04:00)
Bu gündən etibarən Gənclər üçün Təhsil Mərkəzi "facebook" sosial şəbəkəsinin üzvləri arasında "Təhsil bizim gələcəyimizdir" mövzusunda profil müsabiqəsi elan edir. GTM-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sosial şəbəkələr vasitəsilə gənclərin müasir təhsilimizlə bağlı fikir və düşüncələrini, arzu və təkliflərini öyrənmək, təhlil etmək və ictimaiyyətə çatdırmaq məqsədi daşıyan müsabiqə "Facebook"dan səmərəli istifadəni təşviq edir.

Müsabiqəsində iştirak etmək istəyənlər profil şəkillərinin yerində təhsilimiz barəsində düşüncələrini, fikirlərini bölüşə bilər, həmçinin bunu ifadə etmək üçün müxtəlif tipli karikaturalar, rəsmlər, foto görüntülər və şüuarlar təsvir edə bilərlər. Müsabiqə qaydalarına uyğun olaraq ən yaradıcı və təsirli 3 iştirakçı seçiləcək və onlar müvafiq qaydada mükafatlandırılacaqlar.

Müsabiqənin nəticələri "Facebook" sosial şəbəkəsinin ən aktiv 3 nümayəndəsi və bir neçə mətbuat nümayəndəsi tərəfindən qiymətləndiriləcək. Müsabiqə cari ilin oktyabr ayının 30-dək davam edəcək və 1 həftə sonra nəticələr elan olunacaq.

Qeyd edək ki, müsabiqə elanı ilə mərkəzin www.gtm.az rəsmi internet səhifəsində tanış ola bilərlər.