“Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda məlumat sessiyası keçirilib

20 Sentyabr 2010 21:47 (UTC+04:00)

Bu gün Azərbaycan Respublikası Prezident Administrasiyası və Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı, ATƏT-in Bakı Ofisinin təşəbbüsü ilə "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda məlumat sessiyası keçirilib. SİA-nın məlumatına görə, məlumat sessiyasında rayonların icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri iştirak edib.

 

ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Bilge Cankorel tədbirin açılış nitqində ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları İdarəsinin seçki müşahidə missiyasının 15 oktyabr 2008-ci il prezident seçkilərinə dair hazırladığı hesabata toxunub. Həmin sənəddə əvvəlki seçkilərlə müqayisədə dövlət və yerli icra orqanlarının seçki prosesinə müdaxilə hallarında azalmanın müşahidə olunduğunun əksini tapdığını deyən səfir ümid etdiyini bildirib ki, seçki prosesinə qanunsuz müdaxilənin yolverilməzliyinə dair növbəti informasiya sessiyaları bu sahədə irəliləyişin davamına yardımçı olacaq. Həmçinin, hazırlanan hesabatlarda seçkilərdə bir sıra narahatlıq doğuran halların da qaldığının göstərildiyini deyən B.Cankorel bildirib ki, bunun nəticəsində də bəzi icra hakimiyyəti başçılarının, dairə və məntəqə seçki komissiya sədrlərinin vəzifədən uzaqlaşdırılmaları da müsbət hal deyil. O, qeyd edib ki, seçkilər Azərbaycanın demokratikləşmə prosesində irəlilədiyini bütün dünyaya göstərmək üçün bir fürsət olacaq.

 

Azərbaycanı qarşıdan daha bir seçki imtahanı gözlədiyini deyən Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə Azərbaycan cəmiyyətinin demokratikləşməsi, demokratik hüquqi dövlət quruculuğu və Avropanın demokratik institutlarına inteqrasiya dövlət siyasətinin əsas mahiyyəti kimi elan edildiyini bildirib. Həmin dövrdən başlayaraq bütün ümumrespublika tədbirlərin, o cümlədən seçkilərin keçirilməsini, atılan bütün addımları, icra fəaliyyətini, beynəlxalq aləmlə əlaqələri demokratik dövlət quruculuğu istiqamətində qurmağa və bu prosesi irəli aparmağa çalışdıqlarını deyən Ə.Həsənov 1993-cü ildən başlayaraq keçirilən bütün seçkilərdə əsas diqqətin daxili etimadın qazanılmasına yönəldiyini, əsas məqsədin seçkilərin həqiqi, demokratik, ədalətli və şəffaf keçirildiyinə əminliyi artırmaq olduğunu söyləyib. O, Azərbaycanın dünyanın bir hissəsi olduğuna görə, seçkilərin beynəlxalq qiymətləndirilməsinin də əhəmiyyətli olduğunu deyib.

 

Yerli icra hakimiyyəti orqanlarının tərəfsiz şəkildə seçkiləri demokratik və şəffaf keçirilməsinə kömək etməli olduğunu qeyd edən Ə.Həsənov bildirib ki, namizədlərin seçicilərlə ünsiyyyət qurmasına yardım etmək də onların mühüm vəzifələrindəndir. O, qeyd edib ki, seçicilərin azad şəkildə məntəqələrə gəlməsi və heç bir təzyiq olmadan istədiyi namizədə səs verməsi üçün şərait yaradılmalıdır. Ə.Həsənov bu ilki seçkilərin ötən seçkilərdən fərqli olduğunu da diqqətə çatdırıb. Əvvəlki illərdə uğursuzluğunu ört-basdır etmək üçün bir sıra siyasi qüvvələrin seçkilərə qatılmadığını dilə gətirən Ə.Həsənov qarşıdan gələn parlament seçkilərində onların iştirak edəcəyini vuğqulayıb.

 

MSK sədri Məzahir Pənahov seçkilərin Azərbaycanın da üzv olduğu beynəlxalq aləmin diqqət mərkəzində olduğunu ifadə edib. Bununla yanaşı seçkilərin ölkə miqyasında da önəmli hadisə olduğunu söyləyən MSK sədri bildirib ki, ən önəmli məsələnin seçicilərin Konstitusdiyada nəzərdə təsbit olunduğu kimi, azad şəkildə səs verməsinə yardım etməkdən ibarətdir: "Seçicilər üçün maarifləndirmə tədbirləri çox əhəmiyyətlidir. Hamımız çalışmalıyıq ki, Azərbaycanın layiq olduğu yerinə kölgə salacaq hansısa addımlar atılmasın, çox böyük çətinliklərlə əldə olunan imicimizə xələl gətirilməsin. Yerli icra hakimiyyəti orqanları bütün namizədlərə təşviqat kampaniyası zamanı bərabər imkanlar yaradılmalıdır".

 

Tədbirdə daha sonra MSK-nın katibi Natiq Məmmədov və ATƏT-in Bakı Ofisinin Demokratikləşmə şəbəsinin rəhbəri Jaklin Karpenter mövzu ilə bağlı çıxış ediblər.

 

Qeyd edək ki, məlumat sessiyaları bölgələrdə davam etdiriləcək. Sentyabrın 21-də Şirvanda, 22-də Mingəçevirdə, 24 -də isə Naxçıvanda müvafiq bölgələrin icra hakimiyyəti başçıları və dairə seçki komissiyaları üçün eyni mövzulu məlumat sessiyaları keçiriləcək.