Masallıda bomba həyəcanı

20 Sentyabr 2010 19:43 (UTC+04:00)

Masallı məktəblərinin birində bomba həyəcanı yaşanıb. SİA-nın cənub bürosunun məlumatına görə, sentyabrın 18-də təqribən saat 16:30 radələrində naməlum şəxs, Masallı rayon pols şöbəsinin növbətçi hissəsinə zəng edərək bildirib ki, rayonun Cavanşir Qasımov adına Bambaşı kənd orta məktəbində partlayıcı maddə var. Əldə olunan məlumata əsasən, dərhal daxili işlər orqanlarına məlumat verilib. Bundan sonra əraziyə Masallı rayon polis şöbəsi, MTN-nin rayon şöbəsi və FHN-nin Cənub regional mərkəzinin əməkdaşları Bambaşı orta məktəbinə yollanıblar. Axtarışlar məktəbin inzibati binasında və həyətyani sahədə aparılıb. Aparılan axtarışlardan sonra ərazidə hər hansı bir partlayıcı maddə və ya digər şübhəli əşyalar aşkarlanmayıb.

DİN-nin baş cinayət axtarış və Baş informasiya komunikasiya idarələrinin köməkliyi ilə anonim zəng edən şəxsin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, 102 xidmətinə zəng edən şəxs elə həmin məktəbin şagirdi, 1993-cü il təvəllüdlü Asəfzadə Rafət Rasət oğludur. Dərhal onun yeri müəyyənləşdirilərək şübhəli şəxs qismində Masallı rayon polis şöbəsinə aparılıb. Saxlanılan şöbədə tutduğu əməli etiraf edib. Dindirilmə zamanı məlum olub ki, o, dostu, özündən bir il böyük olan Əjdərov Tərlan Atamoğlan oğlundan kiminləsə danışmaq üçün mobil telefonunu alıb. Həmin telefonla da 102 xidmətinə zəng edib, yalan məlumat verib. Sonra da telefonu sahibinə qaytarıb. Saxlanılan Rafət Asəfzadə səhf etdiyini etiraf edib. Amma polislər belə düşünmür, çünki, belə bir hadisə Rafət üçün ikincidir. Təqribən 1 ay öncə də Rafət 102 xidmətinə zəng edərək bildirib ki, güya məktəbin həyətində narkotika alveri gedir.

Hazırda faktla bağlı Masallı rayon polis şöbəsinin istintaq bölməsində araşdırmalar aparılır.

Qeyd edək ki, Cavanşir Qasımov adına Bambaşı kənd orta məktəbi 480 şagird yerlikdir. Hazırda burada 360 şagird təhsil alır.