Yığmamız Avropa birinciliyində ilk medalını qazanıb

19 Sentyabr 2010 04:35 (UTC+04:00)

Bolqarıstanın paytaxtında cüdo üzrə Avropa birinciliyində Azərbaycanın gənclərdən ibarət yığma komandasının ilk çıxışı uğurlu olub. SİA-nın məlumatına görə, 60 kq-dək çəki dərəcəsində çıxış edən Vüqar Şirinli yarışların ilk günündə finlandiyalı Vadud Balatxanova qalib gələrək bürünc medal qazanıb. Beləliklə, Azərbaycan yığma komandasının aktivinə ilk xal yazılıb.

Vüqar Şirinli ilk görüşdə gürcüstanlı Şmaqi Laqazaurini "ippon" fəndi ilə məğlub etmiş, sonra isə eyni üsulla Rumıniya nümayəndəsi Mırça Lazeanı üstələyib. Dörddə bir finalda rusiyalı Yakub Şamilova uduzmuş həmyerlimiz birinci təsəlli görüşündə polyak Lukaş Kelbasinskini məğlubiyyətə uğradıb.

Azərbaycan cüdoçusu bilavasitə bürünc medal uğrunda güləşdə Vadud Balatxanovu məğlub edib.