Bu gün Azərbaycanda Milli Musiqi günü kimi qeyd edilir

18 Sentyabr 2010 21:16 (UTC+04:00)
Bu gün - 18 sentyabr Azərbaycanda Milli Musiqi günü kimi qeyd edilir. SİA-nın məlumatına görə, bu gün, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun doğum günü münasibətilə musiqisevərlər tərəfindən Milli Musiqi günü kimi qeyd olunur. Bu ənənənin ilk təşəbbüskarı maestro Niyazi olub. 1995-ci ildə isə mərhum prezident Heydər Əliyev Üzeyir Hacıbəyovun anadan olmasının 110 illik yubileyi ərəfəsində həmin günün Milli Musiqi Günü kimi qeyd olunması barədə sərəncam imzalayaraq bu ənənəni rəsmiləşdirib.
Xatırladaq ki, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Şuşada anadan olub. 1907-ci ildə "Leyli və Məcnun" operası üzərində işləyib və beləliklə bəstəkarlıq fəaliyyətinə başlayıb. Bəstəkarın bədii irsindən "Sənsiz", "Sevgili Canan" romansları, "Koroğlu" operası, "O olmasın, bu olsun", "Arşın mal alan", "Əsli və Kərəm" və s. musiqili komediyaları incəsənət tarixində unudulmayan əsərlər olaraq qalacaq.