Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə insan hüquqlarının qorunması sahəsində səmərəli fəaliyyətinə və ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə Elmira Teymur qızı Süleymanova “Şərəf” ordeni ilə təltif edilib.
Elmira Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1944-1954-cü illərdə Bakı şəhərindəki 134 saylı orta məktəbdə oxumuşdur. 1955-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərmiş, laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. Hazırda baş elmi işçidir.
1967-ci ildə kimya elmləri namizədi, 1980-ci ildə elmlər doktoru elmi dərəcələri almış, 1982-ci ildə isə professor seçilmişdir.
1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvüdür.
3 elmlər doktoru, 15 elmlər namizədi yetişdirmişdir.
Neft-kimya sintezi və incə üzvi sintez üzrə mütəxəssisdir.
200-dən çox elmi əsərin, 40 ixtiranın müəllifidir.
Neft kimyası, üzvi kimya və incə üzvi sintez üzrə 30-dan artıq beynəlxalq konfransda, o cümlədən müxtəlif ölkələrdə keçirilmiş 7 neft kimyası və 5 aroma-simpoziumda elmi məruzələrlə çıxış etmişdir.
Azərbaycanda BMT-nin iqtisadi və sosial şurası ilə xüsusi məsləhətçi statusu olan yeganə qeyri-hökumət təşkilatı - Azərbaycan Qadın və İnkişaf Mərkəzinin yaradıcısı və prezidentidir. 30-dan çox beynəlxalq konfransda, BMT-nin Baş Assambleyasının 5 xüsusi sessiyasında iştirak etmişdir.
1998-ci ildə "100 qəhrəman qadın" siyahısına düşmüşdür. Haqqında beynəlxalq "Kim kimdir" (İngiltərə, Kembric) kitabında məlumat verilmişdir.
SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanına əsasən, "Şərəf nişanı" ordeni və "Əmək veteranı" medalı ilə təltif edilmişdir.
2 iyul 2002-ci ildə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) secilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 iyul tarixli Sərəncamına əsasən, "Şöhrət" ordeni ilə təltif edilmişdir.
5 mart 2010-cu ildə təkrarən yeni müddətə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) secilmişdir.
Kimya elminin inkişafında, yüksək ixtisaslı kadrların hazırlanmasındakı nailiyyətlərinə görə istedadlı alim 1979-cu ildə SSRİ-nin "Fəxri kimyaçısı", ətriyyat, qida və lak-boya sənayesində tətbiq olunmuş ixtiralara görə "SSRİ ixtiraçısı" fəxri adlarına layiq görülmüşdür.
1997-ci ildə Aərbaycanda kimya elminin tərəqqisi və dünya səviyyəsində inteqrasiyası sahəsində xidmətlərinə görə akademik Y.H.Məmmədəliyev adına mükafata layiq görülmüş və medalla təltif olunmuşdur.
Dinlərarası və Beynəlxalq Dünya Sülh Federasiyası tərəfindən 2005-ci ildə "Sülh məramlı səfir" fəxri adı verilmişdir. Bu mükafat dinlərarası əməkdaşlığa, beynəlxalq mənəvi dəyərlərə, BMT-nin gücləndirilməsinə, sülh mədəniyyətinin yaradılmasına yardımçı olan şəxslərə təqdim edilir.
2003-cü ildə ABŞ-ın Mədəni Konvensiya qurumu tərəfindən Beynəlxalq Sülh Mükafatı ilə təltif olunmuşdur. Ombudsman bu mükafata insan haqqlarının qorunması və həyata keçirilməsi sahəsində səmərəli fəaliyyətinə, insanlıq harmoniyasının yaradılmasında xidmətlərinə görə layiq görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə İnsan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunmasıdır.