TQDK fənlər üzrə elmi-metodiki seminarların təşkilinə start verir

18 Sentyabr 2010 00:56 (UTC+04:00)
Oktyabrın 1-dən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2010-cu il fənlər üzrə elmi-metodiki seminarlar fəaliyyətə başlayacaq. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi görə, seminarlar test tərtibi metodikasını təkmilləşdirmək və növbəti tədris ili üçün qəbul imtahanlarına hazırlıq işlərini həyata keçirmək məqsədilə keçiriləcək.

Seminarlar respublikanın pedaqoji ictimaiyyəti üçün açıqdır. İstənilən mütəxəssis TQDK-nın Orta təhsil üzrə yoxlama-ölçmə materialları sektorunda qeydiyyatdan keçərək, müvafiq fənn üzrə seminarın işində iştirak edə bilər.

Bu il TQDK-nın Naxçıvan, Lənkəran, Gəncə, Şəki, Quba şəhərlərində fəaliyyət göstərən regional bölmələrində də bütün fənlər üzrə həmin bölgələrin müəllimlərinin iştirakı ilə elmi-metodiki seminarlar keçiriləcək. İnternet proqramlarının tətbiqi vasitəsilə həmin seminarlarla TQDK-nın müvafiq seminarları arasında canlı videobağlantılar təşkil ediləcək.