Lənkəranda yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib

17 Sentyabr 2010 20:06 (UTC+04:00)
Lənkəran rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqələrinin birində güclü partlayış baş verib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında baş verib. Belə ki, rayonun Digah kəndi ərazisində, Ələt-Astara avtomobil yolunun kənarında yerləşən "Diqaz" yanacaqdoldurma məntəqəsində "KamAZ" markalı maye qazla dolu yük maşınından çənlərin birinə yanacaq boşaldılarkən ehtiyatsızlıqdan yanğın baş verib və çən partlayıb. Partlayış zamanı yanacaqdoldurma məntəqəsinin işçilərindən Lənkəran şəhər sakini, 1968-ci il təvəllüdlü Teymur Əlimusa oğlu Əliverdiyev, Lənkəran rayonu Cil kənd sakinləri, 1964-cü il təvəllüdlü Firdovsi Balaxan oğlu Əkbərov və 1966-cı il təvəllüdlü İzzət Qüdrət oğlu Rufullayev müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onlar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər.
Yanğının əhatə dairəsinin genişlənməsi nəticəsində daha iki çən partlayıb. Nəticədə, güclü partlayışın təsirindən "KamAZ" avtomobili paçalanaraq yaxınlıqdakı fərdi yaşayış evlərinin divarlarını, dam örtüyünü və pəncərələrini zədələyib.

Təhlükəsizlik tədbirlərinin görülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional İdarəsinin xilasediciləri və yanğınsöndürən briqadalar cəlb olunub. Hazırda yanğının qarşısı tam alınıb və hadisə ilə bağlı araşdırmalara başlanıb.