Abbas İsgəndəri: "Azərbaycan - İran əlaqələrinin daha da inkişaf etdirilməsində hər iki ölkənin mətbuatının üzərinə mühüm vəzifələr düşür" - AÇIQLAMA

17 Sentyabr 2010 03:36 (UTC+04:00)

Dünən İran İslam Respublikasının Azərbaycandakı səfirinin mətbuat və siyasi məsələlər üzrə müşaviri Abbas İsgəndəri və səfirliyin mətbuat xidmətinin əməkdaşı Əli Nəmidar "Səs" qəzetinin redaksiyasında olublar. SİA-ya daxil olan məlumata görə, Iran Islam Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələrinin bu görüşə gəlmələrinə səbəb "Səs" qəzetinə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana avtobusla gedən sərnişinlərə qarşı İran gömrükçülərinin yaratdığı süni maneələrlə bağlı daxil olan şikayətlərin araşdırılması olub.

Qəzetin Baş redaktoru Bəhruz Quliyevlə görüşən səfirlik nümayəndələri faktın doğru olduğunu etiraf etməli olublar. Eyni zamanda xoşagəlməz halların bir daha baş verməməsi üçün səfirlik tərəfindən ciddi addımlar atılacağını da bildiriblər. Görüş zamanı hər iki ölkədə nəşr olunan qəzetlərlə bağlı fikir mübadiləsi də aparılıb.

Həmçinin Azərbaycan və İran arasındakı ikitərəfli münasibətlərin, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində İran mətbuatının tutduğu mövqe, iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin qorunub saxlanmasında jurnalistlərin fəaliyyətinə toxunulub. İranın Azərbaycandakı səfirinin mətbuat və siyasi məsələlər üzrə müşaviri Abbas İsgəndəri Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri zamanı "Azərbaycan və İran əsrlər boyu qonşu dövlətlər olub" fikrini xatırladaraq, Azərbaycan və İranın tarixən qonşu dövlətlər olduğunu, iki ölkənin xalqları arasında mədəni və dini bağlılıqların olduğunu bildirib. İranın yaxın qonşusu kimi Azərbaycanla əlaqələrin inkişafına hər zaman maraqlı olduğunu deyən qonaq iki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəsini də yüksək qiymətləndirib. O bildirib ki, hazırda Azərbaycan və İran arasında əlaqələr bütün sahələr üzrə inkişaf edir. Bu əlaqələrin daha da inkişaf etdirilməsində hər iki ölkədəki mətbu orqanların üzərinə də mühüm vəzifələr düşür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunarkən isə qonaq İranın bu münaqişənin həllində Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və beynəlxalq təşkilatlarda da bununla bağlı prinspial mövqe nümayiş etdirdiyini deyib.

Azərbaycan - İran münasibətlərinin hazırkı səviyyəsini müsbət qiymətləndirən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə bildirib ki, Ermənistan istisna olmaqla, Azərbaycan bütün qonşu dövlətlərlə yaxın dostluq əlaqələrinə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlu xarici siyasət apardığını bildirən Baş redaktor Azərbaycanın İranla əlaqələrinin də dinamik şəkildə inkiş etdiyini bildirib. Baş redaktor qeyd edib ki, İran dünya siyasətində tutduğu prinsipial mövqeyi ilə seçilir. "İstərdik ki, İran dövləti bu prinsipiallığı Azərbaycanın 20% torpağını işğal edib, bir milyon insanı ev-eşiyindən didərgin salan Ermənistana qarşı münasibətdə də göstərsin. Təəssüf ki, İranın bəzi şirkətləri Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağda fəaliyyət göstərir və orada müəyyən sahələrə investisiyalar qoyurlar. Din qardaşlarımızın erməni işğalçıları ilə siyasi-iqtisadi sahələrdə əlaqələr qurub, bunu işğal altında olan Dağlıq Qarabağda davam etdirməsi bizdə acı təəssüf doğurur. Ümid edirik ki, bu cür arzuolunmaz məsələlər İran dövləti tərəfindən tezliklə aradan qaldırılacaq".

B.Quliyev Biləsuvar və Culfa keçid məntəqələrində İranın gömrük xidməti əməkdaşlarının və sərhədçilərinin Azərbaycan vətəndaşlarına qarşı yaratdıqları süni maneələr və çətinliklərlə bağlı "Səs" qəzetinə kütləvi müraciətlərin daxil olduğunu qonaqların diqqətinə çatdırıb. Bildirib ki, bu problemlər insanların normal şəkildə Naxçıvan Muxtar Respublikasına gediş-gəlişinə ciddi əngəllər yaradır. O, ümidvar olduğunu bildirib ki, bu məsələlərin həlli üçün müvafiq addımlar atılacaq.

Diqqətə çatdırılan mövcud faktlar səfirlik əməkdaşları tərəfindən də təsdiqlənib. İranın Azərbaycandakı səfirliyinin mətbuat və siyasi məsələlər üzrə müşaviri A.İsgəndəri qaldırılan məsələlərin həllini tapması üçün səfirlik vasitəsi ilə İranın rəsmi dairələrinə müraciət ünvanlayacağını bildirib.

Görüşün sonunda "Səs" qəzetinin Baş redaktoru B.Quliyev bir daha qonaqlara redaksiyaya gəldiklərinə görə təşəkkürünü bildirərək, bundan sonra İranın Azərbaycandakı səfirliyinin bu kimi problemlərin həllində Azərbaycan mətbuatı ilə əməkdaşlıq əlaqələrinin davam etdiriləcəyinə ümidvar olduğunu söyləyib.