İranın Azərbaycandakı səfirliyinin müşaviri Abbas İskəndəri: "ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ problemini daha da dərinləşdirib" - EKSKLÜZİV

17 Sentyabr 2010 00:57 (UTC+04:00)

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Abbas İskəndəri və onun köməkçisi Əli Nəmdar "Səs" qəzetinin və eyni adlı informasiya agentliyinın redaksiyasında olublar. Dəyirmi masa ətrafında keçən görüşdə A.İskəndəri Azərbaycan və İran arasında mövcud olan münasibətlərə toxunub. O qeyd edib ki, din, dil, tarix baxımından eynilik təşkil edən dövlətlər arasında münasibətlər yüksək səviyyədə inkişaf etməlidir: "İran və Azərbaycan regionda mühüm ölkələrdir və müştərək tarixə malikdirlər. Dünya sivilizasiyasına böyük töhvə veriblər. İki ölkənin yeni münasibətləri müsbət məcrada inkişaf edir. İqtisadi, siyasi, elmi, texniki, ümumiyyətlə, bütün sahələrdə inkişaf əldə etmək üçün bütün potensiallardan istifadə edilməlidir".

 

İki xalq arasında münasibətlərin müsbət istiqamətdə inkişafı üçün medianın rolunın az olmadığını bildirən səfirliyin nümayəndəsi hazırda mediada bu istiqamətdə müsbət irəliləyişin əldə olunmadığını təəssüf hissi ilə qeyd edib: "Yüksək nəaliyyətlər əldə etmək üçün təbii ki, vaxt lazımdır. İran və Azərbaycan xalqları bir-birindən xəbərdar olmalıdır. Çünki dünyda heç bir xalq arasında bu cür tarixi yaxınlıq yoxdur".

 

İskəndəri bildirib ki, Rəsmi Tehranın xarici siyasət doktrinasında ən önəmli yeri Azərbaycanla hazırki münasibətlər tutur. Onun sözlərinə görə, bütün səviyyəli görüşlərdə və keçirilən beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyi İranı tam qane edir. Lakin bütün bunlara baxmayaraq iki dövlətin münasibətlərini həzm etməyən dövlətlər də var: "İran xalqı və hakimiyyəti Azərbaycanla ikitərəfli münasibətlərin inkişafında maraqlıdır. Lakin iki dövlər arasında isti münasibətləri götürməyən dövlətlər mövcuddur. Mən rəsmi şəkildə bəyan etmək istəyirəm ki, İran heç vaxt icazə verməyəcək ki, onun ərazisində Azərbaycanın ərazi bütövlüyünə təsir edə biləcək qüvvələr mövcud olsun".

 

"Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində İranın mövqeyi necədir?" sualının cavabında səfirliyin nümayəndəsi bildirib ki, rəsmi Tehran münaqişənin həllində region dövlətlərin mövcudluğunu mühüm hesab etdiyini söyləyib. Səfirliyin nümayəndəsi hesab edir ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ problemini daha da dərinləşdirib və münaqişənin həllinə yönələn bütün istiqamətlərə maneçilik törədir: "Münaqişənin həllində uzaqdan əlavə qüvvələr cəlb olundu. O qüvvələr qoymur ki, münaqişə öz məcrasına qayıdıb həllini tapsın. İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və işğal altında olan ərazilərin geri qaytarılmasının tərəfdarıdır. Biz qardaşlıq borcumuzu yerinə yetirməliyik. İran- Ermənistan münasibətlərinə gəlincə bir məqamı xatırlatmaq istərdim ki, İranla Azərbaycan arasında olan münasibətlər heç bir dövlətdə mövcud deyil".

 

Abbas İskəndəri həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) İrana qarşı təzyiqlərinə və İranın Türkiyə və Braziliya ilə birlikdə uran mübadiləsi ilə bağlı imzaladığı sazişin müqəddəratına da aydınlıq gətirib: "İranın Türkiyə və Braziliya ilə birlikdə uran mübadiləsi ilə bağlı imzaladığı sazişin müqəddəratı artıq bizim üçün qurtarmış bir mövzudur. O, bir yaxşı niyyət idi ki, bu problem həll olunsun. Lakin Qərb bu məsələni alqışlamadı. Atom enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) İranla bağlı hesabatı bu ölkənin nüvə proqramının dinc məqsəd daşıdığını təsdiqləyib. Bütün sahələrdə İran MAQATE-yə məlumat verir, hətta bütün yerlərdə qurumun müşahidə kameraları quraşdırılıb. Ortada olan bir məsələ odur ki, İrana qarşı irəli sürülən ittihamın hələ kim tərəfindən verildiyi məlum deyil. Bunlar sadəcə siyasi bəhanələrdir. Həmin dövlətlər istəmirlər ki, islam ölkələri müstəqil olsun".