Gəncə Gil-Torpaq İstehsalat Birliyinin ətraf mühit üçün təhlükəsi artıb

17 Sentyabr 2010 00:44 (UTC+04:00)

Məlum oduğu kimi Gəncə Gil-Torpaq İstehsalat Birliyi artıq bir müddətdir ki, fəaliyyətini dayandırıb. Elə əsl problem də bundan qaynaqlanıb. Mütəxəssislərin fikrincə aliminium istehsalı ilə məşğul olan müəssisənin işləməməsi ekologiya üçün başqa bir təhlükə yaradıb.

Söhbət ondan gedir ki, vaxtı ilə zavod işlədiyi zaman qoruyucu maye təbəqəsi yaranırdı ki, bu da bəzi zəhərli maddələrin atmosferə yayılmasının qarşısını alırdı. Ancaq indiki vəziyyətdə bu mümkün deyil. Aparılan araşdırmalar isə ürək açan nəticədən xəbər vermir.

Gəncə Regional Elm Mərkəzinin şöbə müdiri İrşad Abbasov SİA-nın bölgə müxbirinə bildirib ki, qoruyucu təbəqə olmadığından və tozlanmanın qarşısı alınmadığından təhlükənin qismən sovuşdurulması üçün mövcud olan çirkli hövzələrin üzəri basdırılmalıdır. Bu təhlükənin aradan qaldırılması üçün ən azı 10-15 min dollar dəyərində vəsait tələb olunur.

Problemin aradan qaldırılması istiqamətində lazımi tədbirlən, yəni hövzələrin üzərinin örtülməsi şərtdir və bu işlər tez bir zamanda reallaşdırılmalıdır. Əks təqdirdə vəziyətin ağır nəticələri bir müddətdən sonra özünü göstərəcək. Söhbət insan həyatı üçün ciddi sayıla biləcək xərçəng və digər xəstəliklərdən gedir.

Xatırladaq ki, 1994-cü ildə BMT-nin Baş Assambleyası sentyabr ayının 16-nı "Beynəlxalq ozon təbəqəsinin mühafizəsi günü" elan edib. Başqa ifadə ilə desək bu tarixdə bütün dünyanın diqqəti ozan qatının mühafizəsinə yönəldilib.