Qabil Hüseynli: “Türkdilli ölkələrin birliyi yaranandan sonra KTMT əhəmiyyətini itirmiş bir orqana çevriləcək” - AÇIQLAMA

16 Sentyabr 2010 23:04 (UTC+04:00)
"15 ilə yaxındır ki, Türkdilli Ölkələrin Liderlərinin Sammiti keçirilmirdi. Amma indi müəyyən fasilədən sonra belə görünür ki, bu dəfəki sammit daha ciddi hazırlanıb". Bu sözləri SİA-ya politoloq Qabil Hüseynli açıqlamasında deyib. Əvvəlki sammitlərin sırf iqtisadi xarakterli məsələlərin müzakirəsinə yönəldiyini deyən politoloqun sözlərinə görə, o zaman siyasi xarakterli məsələlər müzakirə ediləndə müxtəlif ölkələrdən xüsusən də Orta Asiya Cumhuriyyətlərindən etirazlar gəlirdi.

Hazırki sammitin daha ciddi hazırlandığını dilə gətirən Q. Hüseynli sammit çərçivəsində Türkdilli ölkələrin əməkdaşlıq şurasının yaradılacağını da vurğulayıb. O deyib ki, yaradılacaq şura daim fəaliyyət göstərən bir orqan olacaq: "Bu orqan türkdilli ölkələr arasında müxtəlif iqtisadi əlaqələri öyrənərək, onların reallaşma imkanlarını dərindən araşdıraraq, növbəti sammitlərin gündəliyini hazırlayacaq. Bundan başqa bu dəfəki sammitdə türkdilli dövlətlərin xarici işlər nazirləri, ağsaqqallar şurası, katiblik kimi daima fəaliyyət göstərən orqanları yaranacaq. Bütün bunlarla yanaşı bura Naxçıvanda keçirilən türkdilli ölkələrin sammitində Türkdilli Respublikaların Parlament Assambleyasının yaradılmasını da əlavə etsə sözegedən ölkələrin maksimum dərəcədə bir- birinə yaxınlaşdığını görərik".

Daha sonra sözügedən ölkələr arasında yaradılacaq mədəni əlaqələrə də toxunan politoloq bildirib ki, bu ölkələr arasında ortaq elmlər akademiyasının, ortaq əlifbanın yaradılması mədəni mübadiləni asanlaşdıracaq. Onun fikrincə, bu sammit tarixi bir sammit olacaq və orada yaddaqalan qərarlar qəbul ediləcək.

Daha sonra türkdilli ölkələrin birləşməsini yeni siyasi güc adlandıran Q.Hüseynli həmin gücün formalaşma mərhələsində olduğunu, özündə böyük coğrafiyanı, iqtisadi, xüsusilə də yanacaq enerji potensialını birləşdirdiyni qeyd edib: "Onlar BMT-nin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləridir. Bir çox beynəlxalq qurumların işində iştirak edirlər. Bu ölkələrin geosiyasi yerləşmələri dünya üçün həttindən artıq vacib bir əhəmiyyətə malikdir. Mən güman edirəm ki, bu ölkələr arasında birlik lazımı səviyyəyə çatarsa, artıq onlar da dünyanın yeni güc mərkəzlərindən birinə çevriləcək və dünya siyasətinə təsir edən amillərdən olacaq. Mən elə gəlir ki, türkdilli ölkələrin birliyi yaranandan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətinin əvvəlki səmərəsini verməyəcək və o tamamilə öz əhəmiyyətini itirmiş bir orqana çevriləcək. Türkdilli ölkələr arasında əlaqələr isə daha da genişlənəcək".