Kiçik su elektrik stansiyasına 21 mln. manata yaxın investisiya qoyulacaq

15 Sentyabr 2010 22:32 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin "Kiçik su elektrik stansiyalarının özəlləşdirilməsi haqqında" müvafiq Sərəncamı ilə kiçik su elektrik stansiyaları, o cümlədən "Zeyxur" su elektrik stansiyasının özəlləşdirilməsi haqqında qərar qəbul edilib. SİA-nın məlumatına görə, sərəncamın icrasını təmin etmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "Zeyxur" Kiçik Su Elektrik Stansiyasının özəlləşdirilməsi ilə bağlı investisiya müsabiqəsi elan edib.

Müsabiqədə iştirak etmək üçün komitəyə bir neçə investor tərəfindən təkliflər paketi daxil olub. Müsabiqəyə yekun vurularkən elektrik enerjisinin istehsalının bərpa edilməsi və müasir standartlara uyğun yenidən qurulması, enerji təchizatının yaxşılaşdırılması məsələlərini özündə əks etdirən ən səmərəli investisiya layihəsinə üstünlük verilib.

Müsabiqə Komissiyası tərəfindən təqdim edilən investisiya layihələri qiymətləndirildikdən sonra "İnter Enerji" MMC-nin təqdim etdiyi İnvestisiya Proqramı qəbul edilmiş və şirkət müsabiqənin qalibi elan edilib.

Belə ki, "İnter Enerji" MMC-nin təqdi etdiyi İnvestisiya Proqramına görə, şirkət 18 ay ərzində "Zeyxur" Kiçik Su Elektrik Stansiyasnın fəaliyyətinin bərpası və yenidən qurulmasına 21 004 900 manat investisiya qoyulmasını öhdəsinə götürüb. Nəzərdə tutulan investisiyalar müəssisənin fəaliyyətinin bərpa edilməsi və yenidənqurulması istiqamətində SES-də su qəbuledici qurğuların derivasiya kanalının, müxtəlif hidrotexniki avadanlıqların və təzyiq borusunun, habelə SES-dən suyu ötürən kanalın əsaslı təmir olunması və bərpasına, eləcə də SES-in suqəbuledici qurğularının, hidroturbininin, elektrik və idarəetmə avadanlıqlarının alınması, quraşdırılması və sazlanması işlərinə yönəldiləcəkdir. İnvestisiya Proqramının yerinə yetirilməsi nəticəsində SES-in gücünün 12 MVt-a çatdırılaraq 35 kilovotluq elektrik enerjisinin istehsak edilməsi və ötürülməsi nəzərdə tutulub.

Müsabiqənin digər şərtlərinə uyğun olaraq, "İnter Enerji" MMC 200 000 manat məbləğində vəsaitin dövlət büdcəsinə köçürülməsini, silinmək üçün 8 000 ədəd dövlət özəlləşdirmə çekinin təqdim edilməsini öhdəsinə götürüb.

İnvestisiya Proqramına əsasən müəssisənin gələcək fəaliyyəti təmin edildikdən sonra orada iş yerlərinin bərpası və işçilərin sosial təminatının daha da yaxşılaşdırılması məsələləri də öz həllini tapacaqdır. İnvestisiya Proqramına əsasən, investisiya qoyuluşları müddətində müəssisədə 100-120 yeni iş yerinin açılması planlaşdırılır.