Rövşən Əmiraslanov: “Komandamız oyun göstərə bilmədi” - MÜSAHİBƏ

15 Sentyabr 2010 21:16 (UTC+04:00)

İnter" futbol komandasının hücumçusu Rövşən Əmiraslanov klubun rəsmi saytına müsahibə verib. SİA həmin müsahibəni nəzərinizə çatdırır: 

 

 

- Rövşən, "Xəzər-Lənkəran"la oyunda zədə aldın. Bərpa prosesi necə keçir?

 

- Bəli, zədə aldım. On gün ümumiyyətlə məşq etmədim. Ancaq tez sağaldım və artıq 3 gündür komandayla birlikdə məşq edirəm.

 

- Sən adi oyun epizodunda zədə aldın...

 

- Bəli, hər şey adi epizodda baş verdi. Ümumiyyətlə, nə baş verdiyini anlamadım.

 

- "Qarabağ"la son oyun barəsində nə deyərdin?

 

- Biz yaxşı futbol sərgilədik. "Qarabağ"ı üstələdik. Nədəsə bəxtimiz gətirdi, lakin ümumilikdə biz güclü idik və haqlı olaraq qalib gəldik.

 

- İndi bizi Qəbələyə səfər gözləyir. Qarşıdakı oyun barədə nə fikirləşirsən?

 

-Biz bütün rəqiblərimizə turnir cədvəlindəki vəziyyətdən asılı olmayaraq eynilə ciddi yanaşırıq. "Qəbələ" bu il hissolunacaq dərəcədə güclənib, komandaya bir çox güclü, yüksək səviyyəli futbolçular cəlb olunub. Komandaya tanınmış mütəxəssis Toni Adams rəhbərlik edir. Onlar öz meydanlarında oynayacaqlar və bu, onlar üçün əlavə stimul olacaq. Axı, "Qəbələ" azarkeşlərini sevindirməyə can atacaq. Lakin ümid edirəm ki, biz qalib gələcəyik və növbəti üç xalı qazanacağıq.

 

- Meydana çıxmağa hazırsan?

 

- Dəqiq bilmirəm, bunu baş məşqçidən və həkimlərdən soruşmaq lazımdır. Əgər həkimlər icazə versələr, baş məşqçi də meydana çıxmağımı düzgün hesab edərsə, o zaman mən hazıram!

 

- Almaniya-Azərbaycan qarşılaşması barədə nə deyərdin?

 

- Nə deyə bilərəm? Komandamız oyun göstərə bilmədi.

 

- Digər azərbaycanlı futbolçular kimi sən də millidə oynamağa ümid edirsən...

 

- Bəli, bu, mənim arzumdur. Mən Azərbaycanın gənclərdən ibarət bütün milli komandalarında çıxış etmişəm və ölkənin əsas komandasına dəvəti səbirsizliklə gözləyirəm. Əgər məni nə vaxtsa milliyə çağırsalar, özümü göstərmək üçün əlimdən gələni edərəm.

 

- "İnter"in çempionatdakı perspektivi barədə nə deyərdin?

 

-"İnter"in uğurları göz qabağındadır. Komanda altı ildir fəaliyyət göstərir, lakin bu müddət ərzində iki dəfə çempion olmağı və gümüş medal qazanmağı bacarıb. "İnter"bu il də çempionluğa ən layiqli komandalardan biridir. Komanda Kaxaber Tsaxadadzenin baş məşqçi postuna gəlişindən sonra çox dəyişib. O, komandanın oyun üslubunu Avropa tərzinə uyğun kökündən dəyişdirib. İndi komanda mobil və dinamik futbol sərgiləyir. Hər oyunda biz yalnız qələbəyə oynayırıq.

 

- Əsas rəqiblərdən hansı komandanı qeyd edərdin?

 

- Əsas rəqiblərimizin "Neftçi", "Xəzər-Lənkəran", "Qarabağ" və "Bakı" komandalarının olduğunu desəm, Amerika kəşf etmərəm. Bütün bu klublar yalnız çempionluq uğrunda mübarizə aparırlar, lakin nəticədə çempionluq ən yaxşı komandaya nəsib olur. Bu o deməkdir ki, indiki çempionatda görünməmiş rəqabət var. Bundan başqa, digər klubları da, elə "Qəbələ"ni də hesabdan silmək olmaz.

 

- Karyerana başlayanda belə bir güclü çempionat olacağını ehtimal etmişdin?

 

- Bu barədə düşünməmişdim, lakin o zaman artıq görünürdü ki, futbol inkişaf edir. Azərbaycan birinciliyində çıxış edən və Qəhraman Əliyevin çalışdırdığı "Şəmkir" komandasının heyətində oynadığım zaman cəmi 16 yaşım vardı. O vaxt Vidadi Rzayev və Mahmud Qurbanov kimi futbolçular oynayırdılar. Onlardan çox şey öyrənmişəm. Onlar mənə çox faydalı məsləhət verirdilər. Onlar deyirdilər ki, ilk növbədə özümə qarşı tələbkar olmalıyam. Uğura nail olmaq üçün çox məşq etməyimi vurğulayırdılar. Onlar mənə doğru yol göstərdilər və buna görə minnətdaram. Xoşbəxtəm ki, hazırda "İnter" komandasında çıxış edirəm, bu komanda uğrunda mübarizə aparmaq çox xoşuma gəlir.

 

- Belə bir fikir formalaşıb ki, bəzi yerli futbolçular ambisiyalardan məhrumdurlar və ehtiyatda qalmaqdan məmnundurlar, onlar bundan heç də az qazanmırlar...

 

- Bu səhv fikirdir. Əgər futbolçulardan kimsə belə davranırsa, çox səhv edir. Axı, futbolu təkcə pula görə oynamırlar. Tanınmış Qoran Pandevin qardaşı Saşko Pandevi nümunə gətirmək istəyirəm. Onunla hələ "Muğan" komandasına keçməmişdən öncə bir yerdə oturmuşduq. Qardaşı ona zəng etdi və maliyyə şərtlərindən asılı olmayaraq müqaviləni imzalamasını məsləhət etdi. Qoran narahat idi ki, qardaşı oyun praktikasından ayrı düşəcək və formasını itirəcək. Axı, o İtaliyada (Qoran Pandev Milanın "İnter" komandasında çıxış edir) kifayət qədər qazanır və kiçik qardaşına asanlıqla yardım edə bilər. Avropada belə məsələlərə başqa prizmadan yanaşırlar. Əgər futbolu yalnız pula görə oynayırsansa, bunu etməmək daha yaxşıdır.

 

- Avropadan danışdıq... Hansı futbol üslubundan xoşun gəlir?

 

- İspan futbolundan çox xoşum gəlir. İspaniya yığması və "Barselona" qeyri-adi futbol sərgiləyirlər, onların çox yüksək texnikaları var. Lionel Messini çox bəyənirəm, o, mənə Diyeqo Maradonanı xatırladır. Belə futbolçular təkbaşına istənilən matçın taleyini həll etməyə qadirdilər. Onun möhtəşəm driblinqi və qeyri-adi oyun manerası var.

 

- Necə düşünürsən, nə zamansa bizim komandalar da Çempionlar Liqasının qrup mərhələsinə düşə biləcəklərmi?

 

- İnanıram ki, bu baş verəcək, özü də tezliklə. Bu il Avropa Liqasının qrup mərhələsinə düşməyə "Qarabağ" çox yaxın oldu. Biz də "Lex"lə pis oynamadıq, daha irəliyə gedə də bilərdik. Sadəcə, özünə inanmaq lazımdır, axı, rəqiblər də bizim kimi futbolçulardır. Heç nədən qorxmaq lazım deyil.