XX əsrdə baş vermiş iki Dünya müharibəsindən ikincisi

22 İyun 2017 15:32 (UTC+04:00)

İkinci dünya müharibəsi — XX əsrdə baş vermiş iki Dünya müharibəsindən ikincisi. Almaniya ordusunun Polşaya hücuma başladığı 1 sentyabr 1939-cu il müharibənin başlanma tarixi sayılır. Lakin müharibədən əvvəlki baş verən hadisələr də nəzərə alınarsa, müharibə daha öncə başlamış sayıla bilər.

İkinci dünya müharibəsi çox böyük miqyas alaraq, demək olar ki, bütün dövlətləri əhatə etmişdi.

2 sentyabr 1945-ci il tarixində sona yetən müharibə 10 milyonlarla insanın ölümünə səbəb oldu: döyüş meydanlarında, əsirlikdə, konslagerlərdə 27 milyon hərbi xidmətçinin həyatı sona yetdi. Bundan başqa müharibə 25 milyona yaxın dinc əhalinin həyatına son qoymuşdu.

İkinci dünya müharibəsi milyonlarla Avropa yəhudisi üçün əsl faciəyə döndü. Belə ki, öz irqi üstünlük nəzəriyyəsini reallaşdıran nasistlər 6 milyon yəhudinin həyatına son qoydular.

Bu müharibə dünya siyasətinin dönüm nöqtəsi oldu. Dünya arenasında qüvvələrin yeni paylaşması meydana çıxdı. Təkcə Almaniya və Yaponiya yox, həmçinin koalisiyanın tərkibinə daxil olan İngiltərə və Fransa da öz beynəlxalq mahiyyətini itirdi. Müharibədən sonra avtoritet mövqeyini bərpa edən ABŞ dünyada aparıcı ölkələrin başında dururdu. Hitler Koalisiyası-na qarşı müttəfiq olan SSRİ və ABŞ müharibədən sonra 50 ilə qədər davam edən "soyuq müharibə"yə başladılar.

Müharibə 1945-ci ildə Antihitler koalisiyası-nın qələbəsi ilə başa çatdı. Dünya siyasi xəritəsi dəyişikliyə uğradı. Beynəlxalq əməkdaşlıq qurmaq və növbəti toqquşmalara imkan verməmək üçün BMT yaradıldı. Bu zaman Afrika və Asiyada azadlıq uğrunda hərəkatlar başlanırdı.

1939-cu il 1 sentyabrda Almaniya Polşa üzərinə hücuma keçdi. 1939-cu il 1 sentyabrda saat 4:45 radələrində Danzig limanında olan Alman müharibə gəmisi ''Schleswig-Holstein'' Polşaya aid ''Westerplatte'' adlı gəmiyə atəş açdı. Bu tarix uzun bir müddət, ikinci dünya müharibəsinin rəsmi başlanğıc tarixi olaraq qəbul edildi. Halbuki 4:40 radələrində Alman bombardman təyyarələri, Breslau'nun 100 km şərqindəki ''Wielun'' qəsəbəsinə hücum etmiş və 1200 insanın həyatına son qoymuşdu. Bundan əvvəl isə bir Alman-Slovak bölüyü 26 avqust tarixində Jablona Keçidi'ni işğal etmişdi. Bölük komandirinə hücum tarixinin təxirə salındığı xəbərini bildirmək unudulmuşdu. Fitnə-fəsad yolu ilə hücuma keçən Almaniya sərhədləri pozaraq Polşa üzərinə 57 diviziya (1,5 milyon adam), 2500 tank, 2000 təyyarə göndərdi. 3 sentyabr tarixində İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. İkinci dünya müharibəsi başlandı. Sentyabrın 3-10 arasında Avstraliya, Yeni Zelandiya, Hindistan, Kanada Almaniyaya qarşı müharibəyə qoşuldular. ABŞ özünü bitərəf elan etdi. Yaponiya Avropa müharibəsinə qarışmadığını bildirdi. İkinci dünya müharibəsinin başlanmasının başlıca səbəbləri: əvvala, birinci dünya müharibəsindən sonra qalib dövlətlərin yaratdıqları Versal-Vaşinqton sisteminin çox sərt və alçaldıcı olması; ikinci, Avropanın mərkəzində, Almaniyada qisasçılıq və militarizm ideyasının yüksək dərəcədə inkişaf etməsi; üçüncü, Hitler "reyx"inin irqçilik, "dəyərsiz xalqları" əsarət altına almaq siyasəti, ümumən dünya ağalığına nail olmaq iddiaları; dördüncü, Qərb dövlətlərinin, xüsusən İngiltərə və Fransanın nasizmin bəşəriyyət üçün təhlükə olmaq mahiyyətini dərk etməmələri, hətta onu şirnikləndirmək və sakitləşdirmək siyasətləri; beşinci, iri dövlətlərin, o cümlədən ABŞ-in "qarışmamaq" mövqeyi tutmaları; altıncı, ABŞ başda olmaqla iri dövlətlərin Almaniyanın iqtisadi-hərbi cəhətdən dirçəlməsinə yardım etmələri; yeddinci, sosializmə nifrət edən burjua-demokratik ölkələrin SSRİ ilə birlikdə faşizmə qarşı vaxtında alternativ ittifaq yaratmaq zəruriyyətini dərk etməmələri; səkkizinci, SSRİ-nin müharibəni özündən uzaqlaşdırmaq üçün Almaniyaya güzəştlər etməsi, hətta onunla iqtisadi əlaqələr yaratması; doqquzuncu, 30-cu illərin axırları üçün Avropada və Şərqdə hərbi-sənaye komplekslərinin olmazın dərəcədə şişməsi və i. a. idi.

İkinci dünya müharibəsi kifayət qədər yumşaq başladı. Almanlar Qərbi Polşanı viran qoydular. Sazişə uyğun olaraq ruslar Polşanın şərq yarısını işğal etdilər. Ruslar həmçinin 1940-cı ildə Estoniya, Latviya və Litvanı da işğal etdilər, sonrakı ildə onlar sovetləşməyə məruz qaldılar və SSRİ-nin respublikalarının üzvlüyünə daxil oldular. Finlandiya SSRİ-yə qarşı müqavimət göstərdi, SSRİ 1939-1940-cı illərin qışında Finlandiya ilə qısa müharibə apardı. Bu vaxt Qərbdə hamı aldadıcı şəkildə sakit idi. Almaniya Fransaya tərəf qoşunlarını yönəldəndə fransızlar özlərinin Majino xəttinin arxasında yerləşmişdilər. Britaniya az sayda qoşuna malik idi. Almanlar hərəkət etmirdilər. Bu "qəribə müharibə" adlanırdı. İki böyük Avropa ölkəsi hələ də özlərinin sülh dövründəki baxışlarından əl çəkmirdi. Belə qəribə qış ərzində almanlar öz qüvvələrinin xüsusi təlim-məşqdən keçirdilər, onların yazdakı niyyətləri tam aydın idi.

1940-cı ilin aprel və may aylarında almanlar qəflətən Norveçi, Danimarkanı və Niderlandı işğal etdilər və Belçikaya hücuma başladılar. Onların zirehli diviziyalarının və adamların başı üzərində uğuldayan bombalarının qarşısında heç nə dayana bilmirdi. Polşada istifadə edilsə də bu taktikalar fransızları və britaniyalıları heyrətə gətirmişdi. Almanlar Parisin özünü 1940-cı il 13 iyunda işğal etdilər. Müdafiə yönümlü hərbi nəzəriyyəyə malik olan Fransa ordusu ölkədə əməliyyat aparmağa hazırlaşmamışdı, onun hərbi hava qüvvələri yox idi, hökümət bölünmüşdü. Hökümət məğlubiyyət tərəfdarı və bir qədər alman meylli olan adamlar qrupunun əlinə düşmüşdü və bu adamlar 22 iyunda Fransanı müharibədən çıxardı. Fransızların kiçik qrupu İngiltərəyə qaçıb general de Qollun başçılığı altında Azad Fransa hərəkatını yaratdılar. Fransanın özü yarıya qədər almanlar tərəfindən işğal olunmuşdu, yeri qalan yarısı isə Vişi şəhərinin öz paytaxtı etmişdi və marşal Petenin başçılıq etdiyi totalitar rejimin hakimiyyəti altına keçmişdi.

1807-ci ildə olduğu kimi 1940-cı ildə də yalnız Böyük Britaniya Avropanın fatehi ilə müharibədə qalmışdı. Britaniya özünün tarmar edilmiş qüvvələrini materik Avropasından Dünkerk limanı vasitəsilə geri çəkmişdi. Həmin vaxt onlar daha çətin vəziyyətlə üz-üzə qalmağa hazırlaşırdılar. Avropadakı döyüşlər vaxtı baş nazir vəzifəsində Çamberlini əvəz etmiş Uinston Çörçill bədbəxtlikdə qəhrəman liderliyi vəzifəsinə yüksəldi. Aylarla davam edən və 1940-cı ilin payızında özünün kulminasiya nöqtəsinə çatan Britaniya döyüşü hava hücumu formasını almışdı. Bu vaxta qədər heç vaxt hansısa hava bombardmanı belə güclü olmamışdı. Lakin almanlar Britaniya üzərindəki səmada nəzarəti ələ keçirməyə qadir deyildi. Tədricən britaniyalılar bombardmana qarşı daha uğurla vuruşurdular. Koventri şəhərinin yer üzündən silinməsi, digər şəhərlərin həyatı və sənayesinin dağıdılması və minlərlə insanın öldürülməsinə baxmayaraq, Britaniyadakı istehsal fəaliyyəti hələ də davam edirdi. Hava qüvvələrinin əksər nəzəriyyəçilərinin mülahizələrinin əksinə olaraq bombardmanlar mülki əhalinin mənəvi gücünü qıra bilmirdi. 1940-1941-ci illərin qışında almanlar öz hücumlarının ağırlığını şərqə tərəf döndərməyə başladılar. Hitler qərara almışdı ki, İngiltərədə məsələni qurtarmazdan qabaq o, Rusiya məsələsini həll etməlidir. Belə ki, hətta Hitler, nasional sosialist partiyasının öndə gələn şəxslərindən olan Rudolf Hessi, Britaniya ilə gizlin sövdələşmə üçün İngiltərəyə yollayır. Lakin İngilislərin Hessi həbsxanaya atdığını öyrəndiyi zaman Hessin ruhi xəstə olduğunu mətbuat vasitəsilə xalqa bildirib. İngiltərə mühüm dayaq nöqtələrini, kommunikasiya xətlərini əlində saxlamaqla müqaviməti davam etdirsə də, Fransanın təslim olması ilə Hitler qərbdə öz məqsədlərinə çatdığını güman edirdi. İndi Avropada tam hakim olmaq üçün o, öz qüvvələrini SSRİ-yə qarşı yönəltdi. Almaniya ilə müqavilənin məxfi protokolunda ona vəd edilmiş ərazilərin, demək olar ki, hamısını ələ keçirən Stalinin Balkan yarımadasına və Qara dəniz boğazlarına olan iddiaları Hitleri ciddi narahat etmişdi. 1940-cı ilin iyununda Hitler Vermaxt rəhbərliyinə SSRİ-yə qarşı hücum planı hazırlamaq tapşırığı verdi. Barbarossa adını almış plan 1940-cı il dekabrın 18-də təsdiq edildi.

1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə hücum etdi. SSRİ-nin Böyük Vətən müharibəsi başlandı. İldırımsürətli müharibə strategiyasına əsaslanan alman qoşunları qəfil zərbə ilə Sovet ordusunu ciddi məğlubiyyətə uğratdı. Almanlar qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmaq ümidində idilər. SSRİ-nin qərb sərhədlərində hələ tam komplektləşdirilməmiş hərbi birləşmələr daha yaxşı silahlanmış və müasir döyüş aparmaq təcrübəsi daha çox olan alman qoşunlarının güclü hücumuna tab gətirə bilmədi, böyük itkilər verərək ölkənin içərilərinə doğru sürətlə geri çəkildi. Almanlar müharibənin birinci həftəsində Leninqrad və Kiyevə yaxınlaşdılar, Smolenski ələ keçirdilər. Sentyabr ayında alman ordusu Kiyevi tutdu, Leninqradı mühasirəyə aldı və Moskva üzərinə güclü hücuma başladı. Lakin Sovet ordusunun təşəbbüsü ələ almaq səyləri sayəsində alman qoşunları Moskva döyüşündə darmadağın edilərək geri atıldı. Noyabrın 15-də alman qoşunları böyük qüvvə ilə paytaxt üzərinə ikinci dəfə hücuma keçdi. Bəzi yerlərdə paytaxta 5 km-ə qədər yaxınlaşa bilmiş alman ordusunu sovet qoşunları müdafiə döyüşlərində taqətdən saldılar. 1941-ci il dekabrın 5 və 6-da sovet qoşunlarının əks-hücumu başlandı. Düşmən 100–250 km geri oturduldu.

Yaponiya isə 70-ci meridiandan şərqdə Avrasiyanı öz nüfuz dairəsi hesab edirdi. Müttəfiqləri də buna razılıq vermişdi. O, artıq Çinin böyük bir hissəsini işğal etmişdi. Yaponiya Fransa Almaniyaya təslim olduqdan sonra öz hərbi hissələrini onun müstəmləkələrində - Vyetnam, Laos və Kambocada yerləşdirdi. Filippindəki mülklərinə təhlükə yarandığını görən ABŞ Yaponiyadan qoşunlarını geri çəkməyi tələb etdi və bu ölkə ilə strateji məhzul ticarətinə qadağa qoydu. Yaponiyanın idxalı 75% azaldı. 1941-ci ili dekabrın 7-də tərkibində 6 təyyarədaşıyan gəmi olan yapon eskadrası gizlincə ABŞ Sakit okean donanmasının Havay adalarındakı Perl-Harbor əsas bazasına yaxınlaşaraq ona güclü zərbə endirdi. Nəticədə 8 linkorndan 5-i batırıldı, 3-ü zədələndi. Həmin gün yapon qoşunları Taylanda, Britaniya müstəmləkəsi olan Birmaya hücum etdilər.