Universitetlərin publik şəxs kimi üstünlükləri ARAŞDIRMA

22 İyun 2017 11:55 (UTC+04:00)

Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycan Dillər, Bakı Dövlət və Azərbaycan Dövlət İqtisad Universitetlərinin yenidən təşkili haqqında sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, universitetlər Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetlərə çevrilmə yolu ilə yenidən təşkil ediləcəklər. Nazirlər Kabinetinə publik hüquqi şəxsin nizamnaməsinin layihəsini və təsisçisinin səlahiyyətlərini həyata keçirənlər barəsində təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb. Bəs görəsən hər hansı bir qurumun publik hüquqi şəxs kimi fəaliyyət göstərməsi nədir və universitetlərin bu statusda fəaliyyəti nəyi dəyişəcək? SİA məsələni araşdırmağa çalışıb.

“Mülki Məcəllədə nəzərə alınmayan bir məsələ hazırda öz həllini tapdı və bununla da universitetlərimiz öz həqiqi statuslarını almış oldular”

Hər hansı bir qurumun publik hüquqi şəxs kimi fəaliyyət göstərməsinə aydınlıq gətirən hüquqşünas Sahib Məmmədov bildirib ki, publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır: “Publik hüquqi şəxs özü-özünü maliyyələşdirməlidir. Bunun maliyyələşməsində dövlətin rolu başqa bir subyektlərin rolu kimi kommersiya əsasında ola bilər. Publik hüquqi şəxs statusu alan universitetlər əvvəldə hüquqi şəxs idilər onların öz möhürü, bank hesabları var idi. Lakin hazırda onların hüququ statuslarının müəyyənləşməsi prosesi gedir. Bilirsiniz ki, Mülki Məcəllədə hüquqi şəxsin yalnız iki forması-kommersiya və qeyri-kommersiya hüquqi şəxslərin adı çəkilmişdi. Amma əslində dövlətin tabeliyində olan elə struktur və qurumlar var ki, onlara kommersiya hüquqi şəxs statusu vermək düzgün gəlmirdi. Bu baxımdan həm Azərbaycanda Mülki Məcəlləyə dəyişiklik edildi, həm də ayrıca publik hüquqi şəxslər haqqında qanun qəbul edildi. Bir sözlə desək bu, vaxtilə Mülki Məcəllədə nəzərə alınmayan bir məsələ idi ki, hazırda öz həllini tapdı və bununla da universitetlərimiz öz həqiqi statuslarını almış oldular. Bu proses davam edəcək və əvvəlcədən statusu bəlli olmayan lakin hüquqi şəxs kimi fəaliyyət göstərən subyektlər yeni qanunvericiliyə uyğunlaşdırılacaq. Bundan sonra bu statusu alan universitetlərdə dövlət, hər hansı bir müəssisənin və fiziki şəxsin sifarişi ilə təhsil alan tələbələrin ödənişi sifarişçi tərəfindən ödəniləcək ”.

"Publik hüquqi şəxs statusunun verilməsi universitetlərin özünü tanıması, müstəqil fəaliyyətini təmin edən dəyərlərdən biridir"

Universitetlərin statusunun müəyyənləşdirilməsinin yüksək qiymətləndirən təhsil üzrə ekspert Əjdər Ağayev bildirib ki, Publik hüquqi şəxs statusunun verilməsi universitetlərin özünü tanıması, müstəqil fəaliyyətini təmin edən dəyərlərdən biridir: “Publik hüquqi şəxs o deməkdir ki, hər bir universitet layihə irəli sürə bilər və ondan əldə etdiyi qazancı istədiyi kimi, yəni istər universitetin maddi-texniki bazanın inkişafına, istər professor-müəllim heyətinin əmək haqlarının artırılmasına sərf edə bilər. Belə olan halda, təbii ki universitetlərdə rəqabət imkanları artacaq və onların hər biri elm, ictimai fəaliyyətdə, texnoparkların inkişafında daha çox layihələr irəli sürməyə çalışacaqlar ki, qazanc əldə etsinlər. Bununla da universitetlər müəllimlərin əmək haqlarının artırılması, ən yaxşı tələbələrin dövlət və ya universitet hesabına təminatı, sosial vəziyyəti aşağı olan tələbələrə yardım etməyə çalışacaqlar. Bundan başqa publik hüquqi şəxs statusu olan universitetlər özlərinə nəzarəti gücləndirmiş olacaqlar. Onlar fəaliyyətlərində korreksiya edib yaxşı fəaliyyətlərini genişləndirə bilərlər. Bu imkanın verilməsi universitetlərdə müstəqil fəaliyyətin, özünüdərk imkanlarının və özünə inamın artmasına şərait yaradır. Bu təbii ki, tələbələrin həm yüksək ixtisaslı mütəxəssis kimi hazırlaşmasına, həm də vətəndaş mövqeyinin formalaşmasına təsir göstərməlidir”.

"Universitetlərə publik hüquqi şəxs statusunun verilməsi xarici tələbələrin Azərbaycanda təhsil almasına geniş imkanlar açacaq"

Ekspertin fikrincə, universitetlərə publik hüquqi şəxs statusunun verilməsi xarici tələbələrin Azərbaycanda təhsil almasına geniş imkanlar açacaq: “Misal üçün əgər hansısa universitetin yataqxanası yoxdusa həmin ali məktəb bunun üçün öz layihələrini təqdim edəcək. Ola bilər ki, ali məktəblər imkanlı valideynlərinin verdiyi ianələr, ödəniş toplantılar, digər gəlir sahələri sahəsində özlərinə yataqxana tikə bilərlər. Düzdür, xarici universitetlərlə müqayisə etdikdə, bizim universitetlərin gəlir sahələri çox azdır. Çünki xarici universitetlərin ixtisasa görə zavodları, fabrikləri, fermaları, təsərrüfat sahələri belə var. Belə olan halda, təbii xarici tələbələrin həmin universitetlərə marağı daha çox olur. Bu baxımdan əgər bizim universitetlərin də yataqxanası, texniki imkanları qaydasında olsa, sərbəstlik və müstəqillik genişliyi imkanları yaransa xarici tələbələr də məmnuniyyətlə gəlib Azərbaycanda təhsil alacaqlar. Universitetlərə publik hüquqi şəxs statusunun verilməsi bir başa olaraq ali məktəblərə yuxarıda sadalanan şəraitləri yaratmaq üçün geniş fürsətdir”.