Yerli şirkətlər və korporativ sosial məsuliyyət

21 İyun 2017 11:03 (UTC+04:00)

Korporativ məsuliyyət, məsuliyyətli biznes və ya korporativ sosial imkanlar adlanan korporativ sosial məsuliyyət konsepsiyası müəyyən bir təşkilatın ictimai maraqları nəzərə alaraq, bu sferadakı fəaliyyətin məsuliyyətini üzərinə götürməsidir. Bu sosial öhdəlik ictimai fəaliyyət zamanı qanunvericilik sərhədlərini aşır və müəyyən bir təşkilat işçilərinin və onların ailələrinin, yaxud yerli insanların, cəmiyyətlərin həyat şəraitinin yüksəldilməsi öhdəliyini könüllü olaraq həyata keçirir.

KSM KONSEPSİYASI:

Uzunmüddətli perspektivə hesablanmış fəaliyyət

Əlbəttə ki, korporativ sosial məsuliyyət (KSM) sahəsindəki təcrübə və biliklər bir sıra hallarda mübahisə yaradır, tənqidlərə yol açır. Məsələn, KSM konsepsiyasının tərəfdarları bildirirlər ki, bununla şirkətlər güclü iqtisadi əsasa malik olurlar və uzunmüddətli perspektivə hesablanmış fəaliyyət sərgiləyirlər. Yəni, korporativ sosial məsuliyyət konsepsiyasını həyata keçirən təşkilatlar qısamüddətli gəlirləri deyil, perspektiv inkişaf yolunu seçirlər. Lakin KSM konsepsiyasının tənqidçiləri iddia edirlər ki, guya bu, biznesin sosiumdakı fundamental iqtisadi rolunu azaldır. Amma bu konsepsiyanın dünyanın inkişaf etmiş ölkələrində böyük şirkətlər, təşkilatlar tərəfindən qəbul edilməsi, bu çərçivədə geniş fəaliyyət ortaya qoyulması onu göstərir ki, KSM heç də tənqidçilərin bildirdiyi kimi mənfi tendensiyalara yol açmır.

İşgüzar etikadan korporativ sosial məsuliyyətə doğru:

BEYNƏLXALQ TƏCRÜBƏ

KSM termini 1970-ci illərdən etibarən leksikona daxil olub. İlk vaxtlarda bu anlayışdan işgüzar etika problemini ehtiva etmək üçün istifadə edilirdi. Yəni, bu kateqoriyaya biznes mühitində ortaya çıxan problemlərin həllində önəmli rol oynayan etik və mənəvi prinsiplər çoxluğu kimi baxılırdı. Lakin müasir dövrdə KSM yerli cəmiyyətin və insanların maraqlarının nəzərə alınması, onların həyat şəraitinin yüksəldilməsi və digər faktorlar kimi qəbul edilir. İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, korporativ sosial məsuliyyət gəlir əldə edən şirkətin cəmiyyət qarşısında sosial məsuliyyətinin olmasının göstəricisidir. Cəmiyyət qarşısında sosial öhdəliyin olması vacib amildir: “İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, korporativ sosial məsuliyyət bu dövlətlərdə inkişaf edib və biznes nümayəndələri cəmiyyət qarşısında daha məsuliyyətlidir. Məhz, sahibkarlar əldə etdikləri gəlirlərin bir hissəsini cəmiyyətlə bölüşürlər. Müxtəlif sosial layihələrin maliyyələşdirilməsi, humanitar tədbirlərin həyata keçirilməsi nəticəsində artıq korporativ sosial məsuliyyətə malik olurlar”.

“REALeadership Alliance” bildirir ki, məhz dünyanı biznes liderləri dəyişməlidirlər. Bir sıra dini və mədəni ənənələr müəyyən edirlər ki, iqtisadiyyat insanlara xidmət etməlidir və iqtisadi təşkilatlar cəmiyyət qarşısında məsuliyyət daşıyırlar. Bu baxımdan, bu gün bir sıra təşkilatlar da mövcuddur ki, biznesin korporativ sosial məsuliyyətə cəlb edilməsi üçün stimullaşdırıcı tədbirlər görür. Məsələn, “Sosial məsuliyyət nişanı” adlı layihə çərçivəsində "Social Responsibility Mark" təşkilatı müştərilərinə və müştərək şirkətlərə sosial layihələrin reallaşdırılması müqabilində özünün ticarət nişanından istifadəyə icazə verir.

Bu gün korporativ sosial məsuliyyət konseosiyasından irəli gələrək gələrək “British American Tobacco”, BP, McDonald’s kimi təşkilatlar da həm işçiləri, həm də cəmiyyəti narahat edən sosial problemlərlə bağlı xüsusilə də, ekologiya sahəsində müxtəlif layihələr reallaşdırırlar. Həmçinin, “Shell” Fondu Cənubi Afrikanı Çiçəkli Dərə adlanan ərazisində uzun illərdir ki, KSM konsepsiyasının bir sıra istiqamətlərini reallaşdırmaqdadır. Belə ki, Fond sözügedən ərazidə yerli əhalinin, xüsusilə də, uşaqların təhsil alması üçün təhsil mərkəzləri yaradıb.

“Marks & Spencer” şirkəti də bu sahədə geniş fəaliyyət sərgiləyir. Məhz, bu təşkilatın dəstəyi ilə Afrikada ədalətli ticarət şəbəkəsi formalaşdırılıb ki, bunun köməyi ilə böyüklərin savadlanması üçün tədris, eyni zamanda, QİÇS və HİV-ə qarşı mübarizə mərkəzləri açılıb.

Rusiyada da KSM konsepsiyası haqqında təsəvvürlər biznes mühitinə ayaq açmaqdadır. Məhz, bu ölkədə KSM-in ən geniş yayılmış forması sosial investisiyaların yatırılması təşkil edir. Məsələn, “Qazpromneft” şirkəti infrastruktur obyektlərinin yerləşdiyi bölgələrdə fəaliyyətini yalnız həmin ərazilərdə yaşayan yerli insanları işə cəlb etməklə qurur.

Göründüyü kimi, dünyanın bir sıra şirkətləri əsasən Afrika ölkələrinə sosial investisiyalar yatırmaqla korporativ sosial məsuliyyət konsepsiyasını reallaşdırmış olurlar. Ancaq Qərbdə elə şirkətlər də vardır ki, KSM-i yalnız inkişaf etməkdə olan ölkələrin kasıb və aztəminatlı insanlarına yardım etmək kimi çox primitiv şəkildə qəbul edirlər. Lakin o da bəllidir ki, hazırda dünyada fəaliyyət göstərən iri şirkətlərin böyük əksəriyyəti bu yanaşmanı səhv hesab edir. Çünki, əsaslı vasitələr formalaşdırılmadığından bu yanaşma ilə yerli əhalinin həyat səviyyəsini yüksəltmək mümkün olmayacaq. Elə iqtisadçı Vüqar Bayramovun fikirləri bu prizmada özünü doğruldur. O deyir: “Bəzi hallarda biznesin xeyriyyə tədbirlərini korporativ sosial məsuliyyətlə eyniləşdirirlər. Korporativ sosial məsuliyyət xeyriyəçilik deyil, daha iri və daha kompleksli yanaşma tərzidir. Korporativ sosial məsuliyyət xeyriyəçilikdən fərqli bir məsuliyyətdir və cəmiyyətin inkişafının biznes tərəfindən stimullaşdırılması istiqamətində həyata keçirilən layihələrin dəstəklənməsi deməkdir. Bu baxımdan korporativ sosial məsuliyyət biznesin inkişafına, bütövlükdə ölkənin tərəqqisinə töhfəsini vermiş olur”.

Beləliklə, beynəlxalq təcrübədən də görürük ki, dünyada KSM konsepsiyası böyük şirkətlər tərəfindən əsasən təhsil, səhiyyə, infrastruktur və s. sektorlara sosial investisiyaların yatırılması yolu ilə insanların savadlılığının, sağlamlığının, eyni zamanda, həyat şəraitinin yüksəldilməsi istiqamətində reallaşdırılır.

Azərbaycanda korporativ sosial məsuliyyət:

REAL VƏZİYYƏT

Bu gün sürətli inkişaf dövrü keçən Azərbaycanda da korporativ sosial məsuliyyət nümunələrini müşahidə etmək mümkündür. Xüsusilə də, nəzərə alsaq ki, ölkə iqtisadiyyatı genişlənir, sahibkarlar üçün əlverişli mühit yaradılır və belə bir şəraitdə biznes nümayəndələri gəlir əldə edirlər, bu zaman onların cəmiyyət qarşısındakı sosial məsuliyyətləri də üzə çıxmış olur. Əlbəttə ki, ölkəmizdə şirkətlər, təşkilatlar məcburi şəkildə sosial məsuliyyətə cəlb edilmirlər. Eyni zamanda, qanunvericilikdə də bu baxımdan hər hansı imperativ maddələr mövcud deyildir. Lakin buna baxmayaraq hazırda bir sıra şirkətlər və təşkilatlar korporativ sosial məsuliyyətin primitiv formasını reallaşdırırlar. Məsələn, şirkətlər müxtəlif bayramlarda yaxud, əhəmiyyətli günlərdə cəmiyyətimizin aztəminatlı üzvlərinə yardımlar etməklə kifayətlənirlər. Bu sırada əsasən “Veysəloğlu” Şirkətlər Qrupu, Azərsun Holding və s. kimi şirkətlər durur. Lakin qloballaşan dünyanın tələbləri genişləndikcə Azərbaycanda fəaliyyət göstərən şirkətlərin də korporativ sosial məsuliyyət istiqamətləri də dəyişməlidir.

Prezident İlham Əliyev dəfələrlə çıxışlarında diqqətə çatdırıb ki, sosial məsuliyyət nəzərə alınmalı, şirkətlərdə ixtisar hallarının olmamasına çalışılmalıdır: “Çünki iş adamlarına dövlət hərtərəfli dəstək verir və iş adamları da sosial məsuliyyətlərini dərk etməlidirlər”.

Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyeva da dəfələrlə qeyd edib ki, böyük infrastruktur layihələrinin icrasına cəlb olunmuş Azərbaycan şirkətlərinin və sahibkarlıq subyektlərinin sosial məsuliyyəti artmalı, işgüzar dairələr sosial layihələrdə iştirak etməlidir.

Korporativ sosial məsuliyyətin Heydər Əliyev Fondu nümunəsi

Bu məqamda bildirməliyik ki, şirkətlər sosial məsuliyyət fəaliyyətinin əsil nümunəsini Heydər Əliyev Fondunun həyata keçirdiyi işlərin timsalında görə bilərlər. Məhz, Heydər Əliyev Fondu korporativ sosial məsuliyyətin əsas prinsiplərini reallaşdırır, cəmiyyəti narahat edən sosial problemləri həll edir, insanların həyat şəraitinin, təhsilinin səviyyəsinin, sağlamlığının yüksəldilməsi üçün layihələr həyata keçirir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə körpələr evləri, baxçalar, məktəblər, valideyn himayəsindən məhrum olan və uşaq evlərini bitirən gənclər üçün yaşayış binaları, səhiyyə ocaqları, təhlükəli xəstəliklərin müalicəsi mərkəzləri, mədəniyyət ocaqları inşa edilir, həmçinin, “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi”, kimsəsizlərin istirahətə və müalicəyə göndərilməsi, eyni zamanda, idman, İKT, ətraf mühit sahəsində yüksək sosial əhəmiyyəti olan layihələr reallaşdırılır. Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, eyni zamanda, Avropada, Asiyada, hətta, Afrikada da müxtəlif sosial layihələr reallaşdırmaqla bütün dünyaya korporativ sosial məsuliyyətin nümunəsini təqdim edir.

Beləliklə, araşdırmanın yekunu olaraq deyə bilərik ki, korporativ sosial məsuliyyət şirkətlərin insanlar, cəmiyyət qarşısında sadə məsuliyyəti demək deyildir. Əksinə, bu, şirkətin yaxud, təşkilatın ictimai və iqtisadi-sosial fəaliyyətinin əsasını təşkil edən insanların layiqli həyat şəraitinin təminatı, ətraf mühitin qorunması ilə cəmiyyətin ümumi inkişafının qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi kimi prinsiplərinin fəlsəfəsidir. Məhz, şirkətlər əldə etdiyi gəlirin bir hissəsini həmin gəliri yaradan cəmiyyətlə, insanlar kollektivi ilə bölüşməlidir. Çünki bu biznes insanların, vətəndaşların hesabına inkişaf edir və gəlir gətirir. Sahibkarın gəlir əldə etməsində, onun fəaliyyətinin genişləndirilməsində birbaşa vətəndaşın töhfəsi hesabına baş verirsə, sahibkar da cəmiyyətin inkişafında maraqlı olmalı, onu stimullaşdırmalıdır. Biznes nümayəndələri gəlirlərinin bir hissəsini könüllü şəkildə cəmiyyəti narahat edən sosial məsələlərin həlli istiqamətində xərcləməlidir. Yalnız bu yolla dövlətin üzərinə düşən sosial yükün azalması baş verər və cəmiyyəti narahat edən sosial problemlər aradan qaldırılar.

Yazı "Azərbaycan Mətbuat Şurası və "Veysəloğlu” Şirkətlər Qrupunun "İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər” mövzusundakı müsabiqəsinə təqdim olunur.