Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində "Ağsu şəhərində arxeoloji tədqiqatlar və Azərbaycanda son orta əsr şəhər problemi" mövzusunda elmi-nəzəri respublika konfransı keçirilib.
SİA-nın məlumatına görə, öncə "Ağsu şəhəri orta əsrlərdə" kitab-albomunun II buraxılışının təqdimatı keçirilib.
Konfransı açan AMEA prezidenti, akademik Mahmud Kərimov təqdim edilən kitabın əhəmiyyətindən danışaraq bildirib ki, arxeoloji qazıntılar zamanı əldə edilən materiallar əsasında hazırlanan kitab-albom Ağsu rayonu ərazisində aparılan irimiqyaslı arxeoloji qazıntı işlərinin nəticəsidir.
Qeyd edək ki, kitab-albom Ağsu arxeoloji ekspedisiyasının bu ilin may-avqust ayları ərzində Ağsu şəhər yerində - IV qazıntı sahəsində apardığı genişmiqyaslı arxeoloji qazıntıların ilkin nəticələrinə həsr edilib.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova 2010-cu ilin mart ayından başlayaraq Ağsu rayonu ərazisində aparılan arxeoloji qazıntı işləri nəticəsində yüzlərlə maddi-mədəniyyət nümunəsinin tapılaraq sistemləşdirildiyini, bu mövzu ilə bağlı üç kitabın və Ağsu arxeoloji ekspedisiyasının İnternet saytının hazırlandığını diqqətə çatdırıb.
Çıxış edən Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru Qafar Cəbiyev ekspedisiyanın işinə yardımçı olan bəzi şəxslərə və media qurumlarına təşəkkür edərək, onların diplomlarla mükafatlandırıldığını bildirib.
Qeyd edək ki, Ağsu şəhərində aparılan arxeoloji tədqiqatlar və Azərbaycanın son orta əsr şəhərlərinin öyrənilməsindəki ümumi problemlərin müzakirəsinə həsr olunmuş konfransın təşkilatçıları AMEA Milli Azərbaycan Tarixi Muzeyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Ağsu arxeoloji ekspedisiyası və "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyidir.
Sonra konfrans öz işini məruzələrin dinlənilməsi ilə davam etdirib.