Misir Mərdanov: “İlk peşə-ixtisas təhsili müəssisələrində araşdırma aparmağa zərurət duyulur” - MÖVQE

15 Sentyabr 2010 03:12 (UTC+04:00)
7 nömrəli Bakı Peşə Liseyində ölkənin ilk peşə-ixtisas təhsili müəssisələri rəhbərlərinin konfransı keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbiri təhsil naziri Misir Mərdanov açaraq konfransın 2009-2010-cu dərs ilinin yekunları və 2010-2011-ci dərs ilində qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunduğunu bildirib. Konfransın işində Təhsil Nazirliyinin şöbə müdirləri və ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri ilə yanaşı, İqtisadi İnkişaf, Mədəniyyət və Turizm nazirliklərinin, Təhsil Nazirliyi ilə birgə layihələr həyata keçirən "Azərsun Holdinq" və KNAUF şirkətlərinin nümayəndələrinin və digər qonaqların da iştirak etdiyini nəzərə çatdıran nazir müzakirə olunan məsələ ilə bağlı hazırlanmış geniş təqdimatla konfrans iştirakçılarını tanış edib.

Konfrans iştirakçılarının diqqətini öncə ilk peşə-ixtisas təhsili müəssisələrinin ölkənin iqtisadi rayonları üzrə dislokasiyasına dair statistik məlumata yönəldən təhsil naziri ayrı-ayrı iqtisadi rayonlar üzrə fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrinə ehtiyacı müəyyənləşdirmək üçün müvafiq araşdırma aparmağa zərurət duyulduğunu vurğulayıb. M.Mərdanov təqdimat-məruzəsində qeyd edib ki, ötən dərs ilində ölkə üzrə 108 ilk peşə-ixtisas təhsili müəssisəsi fəaliyyət göstərib, 25201 şagirdin peşə hazırlığı ilə 3700 nəfərlik mühəndis-pedaqoji heyət məşğul olub.

Nazirin təqdimat-məruzəsində peşə təhsili müəssisələrində son 4 ildə ödənişli qəbuldan əldə olunan büdcədənkənar vəsaitin dinamikasını əks etdirən diaqram diqqətə çatdırılıb, müvafiq təhlillər aparılıb. Təhsil naziri son 6 ildə peşə təhsilinə yönəlmiş maliyyə vəsaitinin həcmi haqda məlumat verib, 2009-cu ildə şagirdbaşına 1108 manat, 2010-cu ildə 1113 manat vəsait ayrıldığını bildirib.

İlk peşə ixtisas təhsili sahəsində görülmüş işlərə diqqət çəkən təhsil naziri M.Mərdanov Nazirlər Kabineti tərəfindən bir sıra sənədlərin qəbul edildiyini nəzərə çatdırıb. Nazir Avropa Komissiyası ilə birlikdə həyata keçirilən "Peşə təhsili və təşkili sahəsində islahat strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsi çərçivəsində həyata keçirilən işlərdən, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, işəgötürən təşkilatların nümayəndələri, habelə beynəlxalq və milli ekspertlərin birgə səyi nəticəsində müxtəlif ixtisaslar üzrə peşə standartlarının hazırlanması məsələlərindən söhbət açıb, 20-yə yaxın təhsil müəssisəsinin rəhbərləri və 100-dən artıq mühəndis-pedaqoji heyət üçün 25 seminar və treninqin təşkil edildiyini vurğulayıb. Dövlət Proqramına uyğun olaraq İsmayıllı rayonunda yeni inşa olunmuş Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin yaxın günlərdə açılacağını söyləyən nazir 2009-2010-cu tədris ilində peşə liseylərində aparılmış mərkəzləşdirilmiş test imtahanlarının nəticələri barədə məlumat verib, ilk peşə-ixtisas təhsili sahəsində mövcud olan problemlər, onların aradan qaldırılması yolları və ilk peşə-ixtisas təhsilinin inkişaf etdirilməsi üçün qarşıda duran mühüm vəzifələrdən söz açıb.

Konfransda təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Avropa İttifaqı ilə birlikdə ölkəmizdə həyata keçirilən "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsinin rəhbəri Ann Castis, Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov, İqtisadi İnkişaf Nazirliyinin əlaqələndirmə şöbəsinin müdiri Cəmaləddin Quliyev, Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov çıxış edərək ilk peşə-ixtisas təhsili sistemində görülmüş işlər, mövcud problemlər və onların aradan qaldırılması yollarından bəhs ediblər.