Regional məsələlər komitəsi Milli Məclisin payız sessiyasında ilk iclasını keçirib

15 Sentyabr 2010 01:14 (UTC+04:00)

Sentyabrın 14-də Regional məsələlər komitəsi Milli Məclisin payız sessiyasında ilk iclasını keçirib. Komitənin sədri Arif Rəhimzadə bildirib ki, bugünkü iclasın gündəliyinə 7 məsələ daxil edilib. İclasda öncə Milli Məclisin 2010-cu ilin yaz və növbədənkənar sessiyaları dövründə Regional məsələlər komitəsində görülmüş işlər barədə hesabat təqdim olunub. Konkret faktları bir daha yada salan Arif Rəhimzadə bildirib ki, hesabat dövründə komitə üzvləri qanunvericilik işləri, layihələrin hazırlanması ilə yanaşı AŞPA, ATƏT PA, MDB PA, TÜRKPA kimi beynəlxalq təşkilatların tədbirlərində də yaxından iştirak ediblər.

İclasda hesabat nəzərə alınıb. Sonra komitənin 2010-cu ilin payız sessiyası üçün iş planının layihəsi ətrafında müzakirələr aparılıb. Məlumat verilib ki, Regional məsələlər komitəsinin iş planına 5 qanun layihəsi daxil edilib, həmçinin komitə üzvlərinin parlament tədbirlərində iştirakı nəzərdə tutulub.

Komitədə iş planı təsdiq olunub. Sonra deputatlar gündəlikdəki növbəti iki məsələyə – Hacıqabul və Ağsu rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihələrinə münasibət bildiriblər.

Komitənin bugünkü iclasında "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə", həmçinin "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik və əlavə edilməsi barədə" qanun layihələrinə də baxılıb.

Fikir mübadiləsində qeyd olundu ki, yaz sessiyası dövründə Bakının Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması, Goranboy rayonu ilə Naftalan şəhərinin isə inzibati sərhədlərində dəyişikliklər edilməsi ilə əlaqədar bu iki qanun layihəsindəki dəyişikliklər zərurətdir.

Deputatlar "Azərbaycan Respublikasının Dəvəçi rayonunun Şabran adlandırılması haqqında" qanunun tətbiqi ilə əlaqədar bələdiyyələrə və 2010-cu ilin dövlət büdcəsinə dair qanunvericilik aktlarında dəyişikliklər edilməsini də məqsədəuyğun sayıblar.

İclasın yekununda gündəlikdəki bütün məsələlər Milli Məclisin müzakirəsinə tövsiyə olunub.