“AYAĞA QALX - HƏRƏKƏT ET”

15 Sentyabr 2010 00:17 (UTC+04:00)

Bu il "AYAĞA QALX-HƏRƏKƏT ET" (Stand Up-Take Action) şüarı ilə davam edən Minilliyin İnkişaf Məqsədləri (MİM) naminə qlobal kampaniya çərçivəsində BMT İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəliyi (UN DPİ) İRƏLİ İctimai Birliyi ilə birgə tədbir keçirəcək. SİA-nın məlumatına görə, tədbir 18 sentyabr tarixində, saat 16:00-da başlayacaq.

Minilliyin İnkişaf Məqsədləri 2000-ci ildə dünya liderləri tərəfindən imzalanmış Minilliyin Bəyannaməsi çərçivəsində razılaşdırılmış 8 qlobal məqsəddir:

1. İfrat yoxsulluğu və aclığı aradan qaldırmaq

2. Ümümi ibtidai təhsilə nail olmaq

3. Gender bərabərliyini təmin etmək və qadınlara səlahiyyət vermək

4. Uşaq ölümü hallarını azaltmaq

5. Ana sağlamlığını yaxşılaşdırmaq

6. HİV/AİDS, malyariya və digər xəstəliklərə qarşı mübarizə aparmaq

7. Ətraf mühitin davamlılığını təmin etmək

8. İnkişaf üçün qlobal tərəfdaşlıği inkişaf etdirmək

Bakıda yerləşən müxtəlif ali təhsil ocaqlarını təmsil edən 150-dən çox tələbənin iştirakı ilə keçiriləcək tədbirdə gənclər MİM-lər haqqında ətraflı məlumat alacaq, BMT-nin Azərbaycandakı ofisində görüş keçirəcək və daha sonra "AYAĞA QALX"araq hər kəsi dünyada yoxsulluğun aradan qaldırılması üçün MİM-lərin həyata keçirilməsi naminə "HƏRƏKƏT ET"məyə səsləyəcəklər.

Tədbirin sonunda gənclər MİM-lər barəsində məlumat verən vərəqələri şəhərin müxtəlif yerlərində paylayacaqlar. "AYAĞA QALX" kampaniyası 2002-ci ilin oktyabrında başlayıb. Kampaniyanın məqsədi MİM-lərə nail olmaq üçün görülən işlərə qlobal dəstəyin göstərilməsidir.

Xatırladaq ki, 15-16 oktyabr 2006-ci il tarixləri dünyanın 80-dən çox ölkəsində həyata keçirilən kampaniyada 23 542 614 insanın eyni zamanda ayağa qalxması ilə yeni Dünya Ginnes Rekordu qeydə alınıb. Keçən il isə bu rəqəm 173 milyonu aşıb.

Qeyd edək ki, bu il qlobal kampaniya 17-19 sentyabr tarixləri, ötən illərdəki tarixlərdən bir ay əvvəl keçirilir. Bunun səbəbi 20-22 sentyabr 2010-cu il 150 dövlət və hökumət liderinin iştirakı ilə Nyu-Yorkda keçiriləcək Minilliyin İnkişaf Məqsədlərinə həsr edilmiş BMT Sammitindən əvvəl vətəndaş cəmiyyətinin MİM-lərə qlobal dəstəyinin eşidilməsini təmin etməkdir.