Teatr kollektivinin xeyirxah təşəbbüsü

14 Sentyabr 2010 22:22 (UTC+04:00)
Xeyirxah ənənəsini davam etdirən Azərbaycan Musiqili Komediya Teatrının kollektivi bu dəfə də kimsəsiz ahılları yad edib. Bu barədə SİA-ya teatrın mətbuat xidmətinin rəhbəri Ağca Muxtarova bildirib. Məlumata görə, kollektiv Müqəddəs Ramazan bayramı münasibəti ilə ahılları təbrik etmək üçün Bilgəhdə yerləşən "Müharibə və Əmək Əlilləri üçün Pansionat" qocalar evinə gedib.

Konsert proqramında teatrın aparıcı aktyorları Ramil Qasımov, Novruz Qartal, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Ülkər Əliyeva, Günay Əhmədova, müğənni Aqil Rzayev iştirak ediblər.

Mərasimdə musiqili proqramlar, tamaşalardan səhnəciklər, milli rəqslər diqqəti cəlb etdi. Teatrın kollektivi ilə yanaşı, qocalar evinin sakinləri də bu konsertdə böyük həvəs və şən əhval-ruhiyyə ilə iştirak ediblər. Teatrdan tanınmış aktyorların gəlməsi xəbəri Qocalarda yüksək əhval-ruhiyyə yaradıb. Bu xoş təəssurat onların hər birinin nurlu simalarında aydın şəkildə görünürüb.

Proqramı teatrın istedadlı vokalistlərindən biri Ramil Qasımov açıb. Əvvəlcə ağsaqqal və ağbirçəklərimizi salamlayan aktyor-vokalist onları Müqəddəs Ramazan Bayramı münsibəti ilə teatrın rəhbərliyi və kollektivi adından təbrik edib, ən xoş arzularını çatdırıb. Daha sonra Ramil Qasımov konsert iştirakçılarını gözəl ifası ilə feyziyab edib. Bu gözəl ifadan sonra teatrın aparıcı aktyorları Novruz Qartal və Rəsmiyyə Nurməmmədovanın iştirakı ilə "Toy kimindir" və "Durna" tamaşalarından səhnəciklər göstərilib.

Tədbbirdə iştirak edən istedadlı aktyor Əliməmməd Novruzov da öz məlahətli ifası ilə Qocaların və qonaqların qəlblərini oxşayaraq dərin izlər qoyub. Gənc mügənnilərdən Ülkər Əliyeva, Günay Əhmədova və Aqil Rzayev də öz növbələrində musiqili çıxışları ilə Qocaları sevindiriblər.