Qazaxıstan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru İçəri Şəhərlə tanış olub

14 Sentyabr 2010 18:35 (UTC+04:00)
Qazaxıstan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Bulat Sultanov Azərbaycana səfəri çərçivəsində İçəri Şəhərdə olub. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinn mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Konservasiya üzrə Master Plan əsasında aparılan abadlaşdırma və restavrasiya işləri barədə məlumat qonağın diqqətinə çatdırılıb.

Gəzinti nadir memarlıq incisi olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə başlayıb. Qonağa Azərbaycanın qədim dövlətçilik tarixi və kompleksin inşaat-memarlıq xüsusiyyətləri ilə bağlı ətraflı məlumat verilib. Kompeksə daxil olan tikililərdən biri olan Saray binasında sərgilənən rəsmlər və tarixi əşyalar cənab Sultanovun marağına səbəb olub. Müasir kuklaçı - rəssam Elmira Abbaslının "İçərişəhərin obrazları" adlı sərgisi də qonağa nümayiş etdirilib.

Sultanov İçəri Şəhərin əsas giriş qapısı olan Qoşa Qala Qapılarının yaranması tarixi ilə tanış olmuş, gəzinti Qoşa Qala Qapıları meydanı ilə davam etdirilib. Qonağa Azərbaycanın Yaxın Şərq və Mərkəzi Asiya ölkələri ilə ticarət əlaqələrini təsdiqləyən Buxara və Multanı karvansaraları barədə məlumat verilmiş, Sıratağlı dini-memarlıq kompleksinin ("Bazar Meydanı") ərazisindəki yenidən təşkil edilmiş bədii daşyonma sənətinin nümunələrinin ekspozisiyası göstərilib.

İçəri Şəhərlə tanışlıq çoxəsrlik tarixə malik, Bakının simvolu olan əzəmətli Qız Qalası ilə yekunlaşıb.Sonda Qazaxıstan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Bulat Sultanov İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında öz ürək sözlərini yazıb.