Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında "Məhkəmələr və hakimlər haqqında" qanununa dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, layihəyə əsasən, Azərbaycanın bəzi rayon (şəhər) məhkəmələrində hakimlərin həm də məhkəmənin sədri olması təklif edilir.
Qanunun 22-ci maddəsinə əsasən, rayon (şəhər) məhkəməsi sədrdən və hakimlərdən ibarətdir. Tərkibində 12 və daha çox hakim olan rayon (şəhər) məhkəməsində sədr müavini vəzifəsi təsis edilir.
Qanuna edilən əlavəyə əsasən, rayon (şəhər) məhkəməsi bir hakimdən ibarətdirsə, həmin hakim eyni zamanda bu məhkəmənin sədri təyin olunur.
Layihədə vurğulanıb ki, ölkə ərazisində 30-dan çox rayon məhkəmələri mövcuddur ki, həmin məhkəmələr bir hakimdən ibarətdir.
"Qanuna əsasən, rayon (şəhər) məhkəməsinə bir hakim təyin olunmuşsa, o, həmin məhkəmənin sədrinin səlahiyyətlərini həyata keçirir, yəni, işə qəbul, işdən azad edilməsi məsələləri, məhkəmənin fəaliyyətində cari məsələlər və.s. Faktiki olaraq hakim həmin məhkəmənin sədrinin səlahiyyətlərini həyata keçirir, lakin bu o anlama gəlmir ki, o, məhkəmə sədridir. Qanuna uyğun olaraq, hakimlərin fəaliyyəti 5 ildə 1 dəfədən az olmayaraq Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilir. Hakim sədrin səlahiyyətlərini həyata keçirməsinə baxmayaraq, onun fəaliyyətini 5 ildə 1 dəfədən az olmayaraq, Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirmək mümkün olmur. Dəyişiklik qanunun təkmilləşdirilməsi məqsədilə edilir" - deyə layihədə qeyd olunub.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.