Gürcüstanda yaşayan 20 azərbaycanli gənc Şimali Kiprdə ödənişsiz təhsil alacaq

14 Sentyabr 2010 02:29 (UTC+04:00)

Sentyabrın 12-də Gürcüstanın müxtəlif bölgələrində yaşayan soydaşlarımız Şimali Kipr Yaxın Doğu Universitetində (Near East University) təhsil almaq üçün müsabiqədən keçiblər. Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, bu təhsil ocağına seçim etmək üçün dövlət strukturlarının, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin, universitet rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin, ziyalıların, jurnalistlərin və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Füzuli Nəcəfovun, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) sədri Fazil Həsənovun iştirakı ilə komissiya yaradılıb.

Müsabiqədə Tbilisi, Marneuli, Rustavi, Qardabani, Bolnisi və Kaspidən gələn və bu il test imtahanları ilə Gürcüstanın ali məktəblərinin hazırlıq kurslarına qəbul olan və orta məktəbləri yenicə bitirən gənclər iştirak edib. Müsabiqədən 20 nəfər gənc soydaşımız uğurla keçib.

Şimali Kiprin Yaxın Doğu Universitetinə qəbul olunan tələbələr sentyabrın 15-də Lefkoşaya yola düşəcəklər. Qeyd edək ki, bu layihə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin Yaxın Doğu Universiteti ilə əldə etdiyi anlaşma əsasında həyata keçirilir. Gələcəkdə bu təhsil ocağında 10 gürcü gəncin oxuması da planlaşdırılır.

Məlumat üçün bildirək ki, Yaxın Doğu Universiteti 1988-ci ildə yaradılıb. Burada dünyanın 55 ölkəsindən 18 minədək tələbə təhsil alır. Yaxın Doğu Universiteti Avropa Universitetlər Birliyinin, UNESCO nəzdindəki Dünya Universitetlər Birliyinin, Beynəlxalq Mühəndislik Təhsili Cəmiyyətinin, Beynəlxalq Seçkin Tibbi Akreditasiya Qurumunun (JCİ) və İslam Dünyası Universiterlər Federasiyasının üzvüdür. Universitet şəhərcik formasında fəaliyyət göstərir.