Azərbaycan cüdoçuları dünya çempionatında - İCMAL

14 Sentyabr 2010 02:30 (UTC+04:00)

Yaponiyanın Tokio şəhərində keçirilən dünya çempionatında Azərbaycan cüdoçuları iki bürünc medal qazanıblar. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, azarkeşlərinə qələbə sevinci bəxş edən ilk idmançımız Elxan Məmmədov (90 kq) olub. Təmsilçimiz ardıcıl olaraq 4 qarşılaşmada – Kipr, Qırğızıstan, Argentina və Rusiya idmançıları üzərində vaxtından əvvəl təmiz qələbə qazanaraq yarımfinala çıxıb. Bu mərhələdə onun rəqibi yunanıstanlı İlias İliadis olub. Təssüf ki, Elxan bu görüşdə məğlub olaraq dünya çempionatının qızıl medalını əldə etmək imkanından məhrum olub. Cüdoçumuz bürünc medal uğrunda ukraynalı Valentin Qrekovla mübarizə aparıb. İlk dəqiqələrdən hücuma keçən Elxan ardıcıl olaraq iki yuko və iki vazari xalları qazanaraq rəqibi üzərində vaxtından əvvəl inamlı qələbə qazanaraq ölkəmiz üçün dünya çempionatının ilk medalını qazanıb.
Dünya çempionatının digər qəhrəmanı isə Ramilə Yusubova (63 kq) olub. Milli yığma komandamızın ən gənc üzvlərindən olan Ramilə öz inamlı və parlaq çıxışı ilə çoxlarını heyran edbi. Ardıcıl olaraq ilk üç görüşdə Diana Velasko (Kolumbiya), Klaudia Malzax (Almaniya), Svetlana Çepurina üzərində təmiz qələbə ilə vaxtından əvvəl görüşləri bitirən Ramilə yarımfinala çıxış görüşündə Yaponiya təmsilçisinə məğlub olub. Lakin dünya çempionatının bürünc medalını qazanmaq uğrunda təsəlliverici görüşlərdə iştirak etmək imkanı qazanan təmsilçimiz bu imkandan layiqincə istifadə edb.
Bu mərhələdə ilk olaraq İsrail idmançısını Yarden Qerbini 18 saniyəyə məğlub etdikdən sonra 3-cü yer uğrunda görüşdə idmançımız hollandiyalı Anika Van Emden üzərində təmiz qələbə qazanaraq ölkəmiz üçün dünya çempionatının ikinci bürünc medalını əldə edib.

Digər cüdoçularımızdan Elnur Məmmədli (81 kq) 5-ci, Elmar Qasımov (100 kq) isə 7-ci yerə layiq görülüblər
Bu nəticə ilə Azərbaycan yığması 111 ölkə arasında ümumi komanda hesabında 17-ci olub.