“Qırmızı Kitab”ın portalı hazırlanır

13 Sentyabr 2010 22:32 (UTC+04:00)

İnsan həyatının müdafiəçilərindən biri də təmiz ekoloji mühitdir. Ekologiyanı qorumaq isə bilavasitə insanlardan aslıdır. SİA-nın məlumatına görə, bu məqsədlə "Demokratik İslahatçı Gənclər" İctimai Birliyi Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə dəstəyi ilə "Azərbaycanın nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin təbliği portalı" layihəsinə başlayıb.

Layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanın "Qırmızı Kitab"da yer almış fauna və florasını əhatə edəcək ekoloji portalın hazırlanmasıdır. Bundan əlavə portalda vətəni Azərbaycan sayılan heyvan və bitkilər, nadir növlər, nəsli kəsilmək üzrə olan növlər barədə ətraflı informasiya veriləcəkdir.

Portal yerli sakinlər arasında maarifləndirmə işi aparmaqla yanaşı, eyni zamanda Azərbaycanın füsunkar təbiəti barədə beynəlxalq aləmdə də təbliğatçı rolunda iştirak edəcəkdir.

Qeyd edək ki, ingilis və Azərbaycan dillərində hazırlanacaq portal ölkəyə turist axınını təmin etmək baxımından da önəmli rol oynayacaqdır.

Xatırladaq ki, iki ay müddətində davam edəcək layihənin sonunda hazırlanmış portalın geniş ictimaiyyətə təqdim edilməsi pılanlaşdırılır.