Gəncədə yeni tikililərə əhalinin marağı azalıb

13 Sentyabr 2010 21:54 (UTC+04:00)

Ölkənin ikinci ən iri şəhəri olan Gəncədə yeni tikililərə əhalinin marağı azalıb. Nədənsə alıcılar yeni inşa edilən və ya tikilməkdə olan binalardan mənzil almağa maraq göstərmirlər. SİA-nın bölgə müxbirinin apardığı araşdırmanın nəticəsində məlum olub ki, son 4 ayda vəziyyət daha da pisləşib. Digər çoxmərtəbəli yaşayış binalarındakı mənzillərin qiymətləri artsa da, yeni binalarda satış qiyməti stabil olaraq qalıb.

Evlərin alqı-satqısı ilə məşğul olan şəxslər də mövcud vəziyyəti təsdiq ediblər. Onların sözlərinə görə, əgər 3 il bundan öncə müasir üslubda inşa olunan hündürmərtəbəli binalarda mənzilin bir kvm-i 1200 manata satılırdısa, indi bu rəqəm 800 - 900 manata düşüb. Yeni tikililərdən fərqli olaraq isə Gəncənin mənzil bazarında köhnə evlərin qiymətlərində təxminən 10% artım var. Buna baxmayaraq burada da alıcılıq qabiliyyəti aşağı düşüb.

Mövcud vəziyyət yeni binaların tikintisinə də təsirsiz ötüşməyib. Müşahidələrimiz göstərib ki, təxminən 6 aya yaxındır ki, Gəncədə yeni binaların tikilişi gözə çarpmır. Bəzi tikililər isə yarmıçıq qalıb. Belə vəziyyətə şəhərin mərkəzi daxil olmaqla, kənar ərazilərdə də rast gəlmək olar. Vəziyyətin nə vaxta qədəq bu cür davam edəcəyi bilinməsədə, hündürmərtəbəli yeni binalara təlabatın aşağı düşməsi ortadadır.