Ombudsman növbəti ictimai dinləməni Neftçala rayonunda keçirib

10 Sentyabr 2010 04:06 (UTC+04:00)

Ombudsman Elmira Süleymanova Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədi ilə növbəti ictimai dinləməni Neftçala rayonunda keçirib.

Ombudsman Aparatından SİA-ya verilən məlumata görə, ictimai dinləmədə rayon icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatlarının, KİV-lərin və icmaların nümayəndələri iştirak ediblər. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov regionların insan hüquqlarının müdafiəsinin və MFP-nin əhəmiyyətini qeyd edərək, rayonda bu sahədə görülmüş işlər, insan hüquqları ilə bağlı tədbirlər, vətəndaşların qəbulu, müraciətlərinə baxılması və digər tədbirlər haqqında ətraflı məlumat verib.

Ombudsman Elmira Süleymanova müqəddəs Ramazan bayramı münasibətilə iştirakçıları təbrik etmiş, xoş arzularını bildirib. Ombudsman qarşıdan gələn parlament seçkilərini, seçki kampaniyasına artıq start verildiyini nəzərə alaraq, seçki hüquqlarının prioritet məsələ olduğunu, Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklərin edildiyini, Azərbaycan Prezidentinin bu sahədə müvafiq sərəncamlarının əhəmiyyətini və həmin sənədlərin təbliğinin zəruriliyini vurğulamış, əhalini seçkilərdə fəal iştirak etməyə çağırıb.

Tədbirdə E.Süleymanova bu rayonda MFP-nin icrası, insan hüquqlarının müdafiəsi, seçki hüquqlarının, o cümlədən seçicilərin şəxsiyyət vəsiqəsi ilə təmini, məhkəmə qərarlarının icra olunması və digər zəruri məsələləri müzakirəyə çıxarıb.

Müzakirələrdə rayon məhkəməsinin hakimi, polis rəisi, təhsil şöbəsinin müdiri, həkimlər və digər iştirakçılar çıxış edərək, rayonda MFP və insan hüquqları üzrə fəaliyyət, son məhkəmə-hüquq islahatları, Azərbaycan Prezidentinin müvafiq fərmanlarına əsasən, yeni məhkəmələrin yaradılması və regionlarda yerləşdirilməsi, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi istiqamətində bir sıra qanunlara və normativ hüquqi aktlara dəyişiklik və əlavələr edilməsi, kriminogen durumun sabitliyi, təhsil və səhiyyə hüquqları ilə bağlı fəaliyyət, maarifləndirmə tədbirləri və digər məsələlər barədə məlumat veriblər.