"Gürcüstanla Azərbaycan arasında əməkdaşlığı həzm edə bilməyənlər var" MÖVQE

3 İyun 2017 09:49 (UTC+04:00)

"Anti-Azərbaycan qüvvələrin ətrafında əsassız hay-küy qaldırmaq istədikləri növbəti şəxs Əfqan Muxtarlıdır. Onlar sistemli iş aparmaq, məsələyə Gürcüstanın siyasi dairələrini cəlb etmək və ayrı-ayrı parlament təmsilçilərindən reaksiyalar almaqla Azərbaycana təzyiq etməyə cəhd edirlər". Bu fikirləri SİA-ya Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Zahid Oruc deyib.

Onun sözlərinə görə, jurnalist kimi qələmə verilən Əfqan Muxtarlının qeyri-qanuni fəaliyyətinin qarşısının alınması və onun məsuliyyətə cəlb olunması ətrafında siyasi şou yaradanların məqsədi rəsmi Tbilisi ilə Bakı arasında formalaşmış yaxşı siyasi və iqtisadi əlaqələrə, hərbi münasibətlərə zərbə endirməkdir: "Gürcüstanla Azərbaycan arasındakı yüksək səviyyəli əməkdaşlığı, xüsusilə də hərbi təlimləri həzm edə bilməyən erməni lobbisinin Gürücüstanda xüsusi qrupları var, onlar regional şəraiti izləyir və iki ölkə arasında olan yaxşı münasibətləri həzm edə bilmirlər. Gürcüstan və Azərbaycan arasında münasibətlərin soyuması bölgədə bir sıra dövlətlərin xeyrinə işləyərdi. Bu, Qərblə münasibətlərin pozulması, transmilli layihələrin üzərindən xətt çəkilməsi demək olardı. Lakin Ə.Muxtarlı Gürcüstan-Azərbaycan münasibətlərini pozacaq qədər mühüm şəxs deyil. Gürcüstan hakimiyyəti də bu məsələləri yaxşı anlayır və belə təxribatlara əhəmiyyət vermir. Gürcüstan hakimiyyətinin reaksiyaları da sübut edir ki, kimlərsə küçə təzyiqləri vasitəsilə dövlət rəsmilərinin rəyini dəyişdirməyə nail olmayacaqlar”.