Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Braziliya Federativ Respublikasının Azərbaycana yeni təyin edilmiş səfiri Paulo Antonio Pereira Pintonu qəbul edib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir müstəqilliyin bərpasından sonrakı dövr ərzində dövlətçiliyin qorunması, Ermənistanın Azərbaycana hərbi təcavüzü və etnik təmizləmə siyasəti, bu zaman bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi, cəmiyyətdə daxili işlər orqanlarının rolu və funksiyası, həmçinin ölkədəki kriminogen durum barədə söhbət açıb. Qeyd edilib ki, cəmiyyət həyatının bütün sahələrində uğurla həyata keçirilən islahatlar DİN-dən də yan keçməyib, Avropa dəyərlərinə uyğun, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunlar qəbul edilmiş, bu qanunların işlənib-hazırlanmasında bir sıra inkişaf etmiş dövlətlərin, nüfuzlu beynəlxalq təşkilatların ekspertlərinin böyük rolu olub.
Coğrafi baxımdan iki ölkənin bir-birindən uzaq məsafədə yerləşdiyini, lakin bəzi oxşar cəhətlərin də olduğunu diqqətə çatdıran daxili işlər naziri daxili işlər orqanları arasında əməkdaşlığın gələcəkdə yalnız Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsi ilə məhdudlaşmayacağına ümidvar olduğunu bildirib. Qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən Paulo Pinto nəinki Azərbaycan, həmçinin xarici vətəndaşların da təhlükəsizlik şəraitində yaşamaları üçün ölkəmizdə hər cür şəraitin yaradıldığını xüsusi qeyd edib, Azərbaycanla Braziliya arasında əlaqələrin inkişaf etdirilməsinə bir səfir kimi töhfə verəcəyini vurğulayıb.