Dünya ölkələrinin rəhbərlərindən Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına təbrik teleqramları gəlməkdədir.
Bruneyin Sultanı Hacı Həssənal Bolkiahdan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Respublika Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Mən ölkələrimiz arasındakı dostluğu yüksək qiymətləndirir və gələcəkdə əməkdaşlığımızın daha da möhkəmləndirilməsini səbirsizliklə gözləyirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik diləyirəm. Müqəddəs Ramazan ayında ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.
Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanqdan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə Vyetnam dövləti adından və şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı bildirməkdən şərəf duyuram.
Sizin rəhbərliyinizlə Azərbaycanın iqtisadi sahədə böyük nailiyyətlər qazanmasını, xalqınızın rifahının yüksəlməsini və ölkənizin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsini görməkdən məmnunluq hissi keçirirəm.
Ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsi hər iki tərəf üçün müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları yaradır. Əminəm ki, hər iki dövlətin rəhbərliyinin siyasi iradəsi sayəsində Azərbaycan ilə Vyetnam arasında ənənəvi əməkdaşlıq münasibətləri ölkələrimizin rifahı naminə bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, investisiya sahələrində inkişaf edəcək, daha da dərinləşəcək, dünyada və regionda sülhə, sabitliyə, əməkdaşlığa töhfəsini verəcəkdir.
Azərbaycana tərəqqi, Azərbaycan xalqına xoşbəxtlik diləyirəm.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə daha da böyük nailiyyətlər arzulayıram.
İran İslam Respublikasının Prezidenti Həsən Ruhanidən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycanın milli bayramı – 28 May Respublika Günü münasibətilə Zati-alinizi, eləcə də dövlətinizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Ölkələrimizin ikitərəfli geniş potensialları, eləcə də xalqlarımızın tarixi, dini və mədəni ortaqlıqları dövlətlərimizin qarşılıqlı mənafeyinə uyğun olaraq əməkdaşlıq münasibətlərimizin daha da genişləndirilməsi üçün misilsiz imkanlar yaradır.
Bu dəyərli imkanları nəzərə alaraq, əmin olduğumu bildirirəm ki, ölkələrimizin münasibətlərinin dərinləşdirilməsi istiqamətində böyük addımlar atmaqla əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı mövcud ümidləri doğruldacağıq.
Allah-Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram.