Bakı Mühəndislik Universitetinin tələbələri Gilan Seramik zavodunda

5 İyun 2017 10:28 (UTC+04:00)

Bakı Mühəndislik Universitetinin tələbələri Gilan Seramik zavodunu istehsal sahələri ilə yaxından tanış olublar. SİA-nın məlumatına görə, istehsalat prosesi ilə tanışlıqdan əvvəl tələbələrə və müəllim heyətinə zavodun tarixi haqqında geniş məlumat verilib.

Müəssisənin İnsan resursları şöbəsinin müdiri Azər Ağazadə bildirib ki, "Gilan Seramik" zavodu 2013-cü ildə fəaliyyətə başlayıb: "Fəaliyyətindəki əsas məqsəd seramik piltələrin istehsalı yer tutur. Burada müxtəlif ölçülərdə, beynəlxalq standartlara cavab verən, kafel və metlax istehsal edilir. İtalyanın müasir innovativ avadanlıqları bu zavodda yerləşir. Müəssisədə 3 növbəli iş rejimi tətbiq edilməklə 500 nəfər işçi çalışır. Bu sahə üzrə yerli işçilərin yeni ixtisasa yiyələnməsi,yetişdirilməsi və təkmilləşdirilməsi üçün xarici mütəxəssisləri ölkəmizə dəvət edirik. Təbii ki, müəssisə olaraq tələbələr istehsalat prosesi ilə tanış olur, müəssisədə istehsalat təcrübəsi keçir. Təcrübə müddətində fəallığı ilə seçilən, savadlı və enerjili gəncləri işlə təmin edirik. Bu isə Gilan Seramik zavodunun insan resursları siyasətinin tərkib hissəsidir. Savadlı kadrlar və gələcəyin mütəxəssislərini yetişdirmək və işlə təmin etmək bizim öz marağımızdadır. Mütəmadi olaraq tələbələr gəlir, istehsal sahəsi ilə tanış olurlar. Bu gün də Bakı Mühəndislik Universitetinin tələbələri istehsal sahəsi ilə yaxından tanış oldular. Burada işləmək istəyən hər hansı bir savadlı tələbənin praktikasına kömək etməyə hazırıq. Bu gün müəssisənin istehsalı Azərbaycan bazarının 40-45 faizini təşkil edir. Müəssisənin inkişaf konsepsiyasına uyğun olaraq seramik piltələrlə yanaşı, keramik məhsul istehsal edən bir neçə zavoddan ibarət texnoparkın tikintisi də nəzərdə tutulub".

Zavodla tanış olan tələbələr və müəllim heyəti məmnun qaldıqlarını, praktiki cəhətdən yeni təcrübələr öyrəndiklərini qeyd ediblər.

Ağasəlim İsmayılzadə, sənayenin təşkili və idarə olunması ixtisası üzrə tələbə: "Bu müəsisədə çoxlu işlər var. Bu işlər təkcə sənaye mühəndisliyinə aid deyil. Burada mühəndisliyin bir çox istiqamətləri üzrə - Mexanik mühəndislərinə, İT mühəndislərinə aid sahələrdə iş var. Əminik ki, Gilan Seramik zavodu Azərbaycanı gələcəkdə təmsil edən böyük şirkətlərdən biri olacaq. Bu zavod sayəsində biz tələbələr çoxlu təcrübə qazandıq".

Gülcöhrə İbrahimova, AMU-nin Müəssisələrlə əlaqələr və karyera departamentinin nümayəndəsi: "Mühəndislik Universiteti istehsalatla qarşılıqlı əlaqədə olmalıdır. Ona görə çalışırıq ki, Azərbaycanda fəaliyyət göstərən istehsal müəssisələri ilə tanış olaq. Burada iştirak edən tələbələrin çoxu sonuncu kurs tələbələridir. Onlar artıq karyeralarını seçməyi hədəfləyirlər. Bu gün onlar, gələcəkdə karyeralarını quranda zavodda hansı vakansiyalar olduğunu bilir və gələcək üçün planlar qururlar. Eyni zamanda həmin tələbələrin ümumi dünya görüşləri artır".

Tədbirin sonunda tələbələr və müəllim heyəti müəssisənin kollektivi və təşkilatçıları ilə birlikdə xatirə fotosu çəkdiriblər.