Ermənilər Akdamarda dini ayin keçirəcək

9 Sentyabr 2010 01:56 (UTC+04:00)

Türkiyə erməni patriarxlığı Akdamarda dini ayin keçirəcəyini bildirilib. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, patriarxlığın ruhani məclisi 19 Sentyabrda "Akdamar" adasında olan Surp Xaç kilsəsində dini mərasimin keçirilməsində hər hansı bir dəyişiklik edilmədiyini açıqlayıb.

Qeyd edək ki, bir müddət əvvəl erməni patriarxlığı sentyabrın 19-da Akdamar adasında yerləşən kilsədə keçiriləcək ayinə qatılmaqdan imtina etmişdi. Buna səbəb kilsənin damına xaçın qoyulmaması olub.

Türkiyə hökuməti uzun illər bağlı qalan Akdamar kilsəsində sentyabrın 19-da ayin keçirməyə icazə verib. Bununla bağlı Türkiyə erməni patriarxlığının ruhani məclisinin rəhbəri, Baş yepiskop Aram Atəşyan ilə Van valisi arasında görüş olub. Görüşdə vali bildirib ki, kilsənin damına qoyulacaq xaç 200 kq ağırlığındadır və bu xaç ancaq xüsusi qurğu vasitəsilə yerinə qoyula bilər. Bu səbəbdən Van valisi xaçın kilsənin damına sentyabrın 19-dakı ayindən sonra qoyula biləcəyini qeyd etmişdi.