Rusiya baş naziri Vladimir Putin "Transneft" şirkətinin "Samsun-Ceyhan xətti ilə əlaqədar Ankaranın mövqeyindən məmnun deyilik" deməsindən sonra ölkəsinin bu məsələ ilə bağlı konkret mövqeyini ortaya qoyub. SİA-nın "Milliyet"ə istinadən verdiyi məlumata görə, baş nazir "Tayyib Ərdoğana söz verdik, Samsun-Ceyhanda varlığımız davam edəcək" sözlərini deyib.
Türkiyəni enerji koridoruna çevirəcək və boğazlardan keçən tankerlərin sayını azaldacaq Samsun-Ceyhan neft boru xəttinin bu ölkənin iqtisadiyyatında önəmli rol oynayacağı deyilir. "Çalık Holding" (Türkiyə), ENİ (İtaliya) ilə Rusiyanın "Transneft" və "Rosneft"in ortaq olduğu Samsun-Ceyhan kəməri layihəsində "Transneft"in rəhbəri Nikolay Tokarevin Türkiyə ilə apardığı danışıqlardan məmnun qalmadığı deməsi tərəflər arasındakı müzakirələrin yenidən başlaması ehtimalını ortaya çıxarmışdı. Türkiyənin layihədə üstünlük təmin etməyə çalışdığını deyən N.Tokarev bildirib ki, Ankara onlara iqtisadi baxımdan qəbul edilməsi qeyri-mümkün olan bir razılaşmağa imza atmağı təklif edir. O, "təqdim edilən şərtləri əsla qəbul etməyəcəyik. Reallıqdan hərəkət edərək problemi həll etməliyik, ya da bu axmaqlığa son verməliyik" demişdi.
Putin isə layihənin icra ediləcəyindən əminliyini ifadə edib. Samsun-Ceyhanı iqtisadi baxımdan məntiqli və qazanclı bir layihə olaraq xarakterizə edən Putin "Ərdoğana bu məsələ ilə bağlı verilmiş sözümüz var. Rus şirkətləri əvvəlcədən planlaşdırdığı kimi boru xəttinin işlək halına gəlməsi üçün bütün mərhələlərə qatılmağa və dəstək verməyə davam edəcək. İndi Rusiya hökuməti tikiləcəyinə əmin olduğu bu xətti dolduracaq mənbə və bu nefti istehlak edəcək müştəri əlaqələri üzərində çalışır" söyləyib. O, Qazaxıstan neftinin Samsun-Ceyhan üzərindən Aralıq dənizinə çatdırılması üçün danışıqların da davam etdiyini bildirib.
"Nabucco" xəyaldırmı?
Orta Asiya və Xəzər enerji qaynaqlarının Avropaya çatdırılmasını nəzərdə tutan "Nabucco" layihəsinin xəyaldan başqa bir şey olmadığını vurğulayan Rusiyanın baş naziri Azərbaycanın da Rusiya ilə yeni qaz müqaviləsinin bağladığını xatırladıb: ""Nabucco"nun həyata keçirilməməsi üçün təməl problem kəmərin doldurulması üçün enerji mənbələrinin tapılmamasıdır. Kəməri dolduracaq təbii qaz mənbələri yoxdur. Rusiyanın "Nabucco"ya təbii qaz verməsi gündəmdə deyil. İranin təbii qazı da bu xətt üçün düşünülmür. Azərbaycanın təbii qaz qaynaqları da azdır. Bir də ki, Azərbaycan Rusiya ilə də yeni təbii qaz razılaşması imzalayıb".
"Mavi axın-2" yenidən gündəmə gələ bilər
Avropaya təbii qaz daşıyacaq "Cənub axını" boru xəttinin də "Şimal axını" kimi tezliklə tikiləcəyinə əmin olduğunu ifadə edə V.Putin bunları söyləyib: "Lazımlı bütün infrastruktur və ikili razılaşmalar əldə olunub. Yaxında Cənubi Avropa bu xətt vasitəsilə nəql olunacaq qaz istifadə etməyə başlayacaq. Rusiya ilə Türkiyə arasında "Mavi axın-2"nin çəkilməsi mövzusuna gəlincə, Türkiyə bazar araşdırmasını davam etdirir. Kipr və İsrailin yaxın gələcəkdə bizdən qaz almaq istəmədikləri mesajları verilir. Türkiyə üzərindən əlavə xətlə nəql ediləcək təbii qaza müştəri tapa bilsək, "Mavi axın-2" yenidən gündəmə gələ bilər".
Samsun-Ceyhandan xətti ilə ildə 60-70 milyon ton neft axacaq
550 kilometr uzunluğunda olacaq boru xəttindən gündə 1,5 milyon barrel neft daşınması planlaşdırılır. Bu isə ildə 60-70 milyon ton neft daşınması anlamına gəlir. Xətt Türkiyənin Qara dəniz sahilində yerləşən Samsun şəhərindən Aralıq dənizi sahilindəki Ceyhana qədər uzanır. Hökumətlər arası razılaşma ilə də dəstəklənilən layihənin dəyəri 1,5-2 milyard dollar olacağı deyilir.
Avropa isə "Nabucco"nun xəyal olmadığını sübut etməyə çalışır
Avropa İttifaqı isə enerji təhlükəsizliyini və Rusiyanın vaxtaşırı ortaya çıxardığı qaz böhranını nəzərə alaraq "Nabucco"nun icrasında israrlı olduğunu nümayiş etdirir. Kəmərin tikintisinə əsas səbəb olaraq indiyə kimi təbii qaz mənbələrinin tapılmaması göstərilirdisə də, digər bir səbəb isə kəməri çəkmək üçün maliyyə mənbələrinin olmaması idi. Artıq bu istiqamətdə də ilk addım atılıb. Belə ki, dəyəri 7,9 milyard avroluq "Nabucco" kəmərinin inşası üçün 3 beynəlxalq maliyyə nəhəngi 4 milyard avroya qədər kredit verilməsi ilə bağlı razılığa gəlib. Bu isə layihənin dəyərinin yarısıdır. Avropa İnvestisiya Bankı 2 milyard, Avropa Yenidənqurma və İnkişaf Bankı 1,2 milyard, Beynəlxalq Maliyyə Təşkilatı isə 800 milyon avro kredit ayırması ilə bağlı "Nabucco" konsorsiumu ilə razılaşma imzalayıb. Aparılacaq qiymətləndirmələrdən sonra 4 milyard avro kreditin gələn il təsdiqlənməsini gözlənilir. Rusiyanın baş naziri kəmərin doldurulması üçün Azərbaycanın da lazımı qədər təbii qaza sahib olmadığını desə də "Nabucco Gas Pipeline İnternational GmbH." konsorsiumunun icraçı direktoru Reynhard Mitşek inşaat işlərinin 2014-cü ilin sonunda və ya 2015-ci ilin əvvəlində başlayacağını, kəmərlə ilkin mərhələdə 18 milyard kubmetr Azərbaycan və İraq təbii qazının daşına biləcəyini bildirib. O, vurğulayıb ki, sonrakı illərdə kəmərə Türkmənistan və Misir olmaqla bölgədəki digər ölkələrdən də təbii qaz vurula bilər.