Geologiya İnstitutunun alimləri Avstriyanın bir sıra şirkətlərində görüşlər keçiriblər

8 Sentyabr 2010 19:07 (UTC+04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun alimləri Avstriyanın HOT Mühəndisi Tədqiqatlar və Təkmilləşdirmə Şirkətində olublar. Geologiya İnstitutunun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər zamanı neft-qaz, geofizika və qazma sahəsində peşəkarlığın artırılması istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib. İnstitutun elmi işlər üzrə direktor müavini akademik İbrahim Quliyev, AMEA-nın müxbir üzvləri Hətəm Quliyev və Qalib Əfəndiyev təmsil etdikləri elmi müəssisənin qeyd olunan sahələrdəki tədqiqatları və nailiyyətləri barədə məlumat veriblər.

Şirkətin prezidenti Dyetard Kratzer öz növbəsində rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat verib və Geologiya İnstitutu ilə əməkdaşlıq etmək niyyətini bildirib.

Azərbaycanlı geoloqların Avstriyada əməkdaşlıq niyyətli növbəti görüşü OMV Tədqiqatlar və İstehsalat Şirkətində olub. Burada da neft-qaz, geofizika və qazma sahələrindəki tədqiqatlar və təcrübələr barədə qarşılıqlı məlumatlar verilib. OMV-un alimləri Azərbaycanda tədqiqatlara başlamağın böyük həvəsində olduğunu bildiriblər. Hər iki neft şirkətinin əməkdaşlıq niyyəti ilə bu ilin sonunda Geologiya İnstitutuna səfəri planlaşdırılıb.